AZƏRBAYCAN-QIRĞIZISTAN PREZİDENTLƏRİNİN BİRGƏ BƏYANATI HƏR İKİ ÖLKƏ ÜÇÜN YENİ İMKANLAR AÇIR

Məlum olduğu kimi Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb.Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri çərçivəsində on sənəd imzalanıb. İmzalanmış sənədlər sırasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdirlər. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələri məhz strateji xarakterli əməkdaşlığa kökləyir.

Dövlətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələlər, həm də regional və beynəlxalq problemlər daha effektli və fəal surətdə müntəzəm müzakirə olunacaqdır. Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində hər iki ölkə həmişə bir-birini dəstəkləyir.

Nəqliyyat infrastrukturunun və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylər birləşdirilməlidir. Azərbaycanda yüklərin bütün istiqamətlərə – həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Azərbaycanın liman infrastrukturunun imkanları Qırğızıstan üçün açıqdır.

Qeyd edək ki, Qırğızıstan iqtisadiyyatının enerji sektoru Azərbaycan şirkətləri üçün maraqlı ola bilər. Azərbaycan şirkətlərinin müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında müəyyən təcrübəsi var. Mövcud istiqamətdə səylərin birləşdirilməsinə və Azərbaycanın investisiya potensialına çox ehtiyac var.

Məlum olduğu kimi kənd təsərrüfatı sahəsi perspektiv əməkdaşlıq istiqamətlərindən birididir. Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti prezidentlərin tapşırıqlarının əməli surətdə yerinə yetirilməsi məqsədilə yerində iş aparmaq üçün yaxın vaxtlarda Qırğızıstana səfər edəcək.

Humanitar sahə dövlətlərarası münasibətlərdə həmişə mühüm yer tutub. Azərbaycanın qədim Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü Qırğızıstan dəstəkləmişdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.