Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Martın 5-də ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, cəmiyyətin avanqard qüvvəsi kimi nüfuz qazanan, irəli sürdüyü təşəbbüsləri, qəbul etdiyi qərarları ilə Azərbaycanın dayanıqlı inkişafına böyük töhfələr verən Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayından iki il keçir. Qurultay partiyanın ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu.
Bu gün Azərbaycanda genişmiqyaslı islahatlar həyata keçirilir, bu islahatların nəticələri gündəlik həyatda, ölkənin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə əksini tapır. Yeni Azərbaycan Partiyasının irəli sürdüyü təşəbbüslərdə ölkədə gedən islahatlar prosesinin daha da dərinləşdirilməsi istəyi özünün aydın ifadəsini tapır. YAP ölkənin bütün bölgələrini əhatə etməklə Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük siyasi partiyası kimi çıxış edir. Ümummilli maraqların reallaşması yolunda YAP-ın böyük tarixi nailiyyətlər qazanmasının nəticəsidir ki, onun sıraları ildən-ilə genişlənir.
1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edilmiş və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində təşkilatlandı. Ulu Öndər Heydər Əliyevin siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi.
Yeni Azərbaycan Partiyası həm də Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsində müstəsna rol oynayıb. YAP həm Avropanın, həm də Asiyanın bir çox ölkələrinin aparıcı siyasi partiyaları ilə ikitərəfli və çoxtərəfli əlaqələrini inkişaf etdirib, partiyalar səviyyəsində beynəlxalq qurumlarda uğurla təmsil olunub. Eyni zamanda, partiyamızın çoxşaxəli beynəlxalq əlaqələrini uğurla davam etdirməsi nəticəsində Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılıb.
Yeni Azərbaycan Partiyası həm iqtidar partiyası kimi, həm də ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz töhfəsini verməkdədir. 2021-ci ilin 21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyaların sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir nümunədir.
Yeni Azərbaycan Partiyası hər zaman cəmiyyətdə yeniliyin və müasirliyin tərəfdarı, təşəbbüskarı kimi çıxış edir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti