Gəncə Dövlət Universitetində “Səməni” festivalı keçirilib
Gəncə Dövlət Universitetində Kimya-biologiya fakültəsinin təşkilatçılığı ilə “Səməni” festivalı keçirilib.
Festifalda universitetin rektoru Yusif Yusibov tədbir iştirakçılarının bayramını təbrik edib, ən xoş arzularını çatdıraraq milli bayramın tarixi kökləri və mahiyyəti , Ulu Öndər Heydər Əliyev tərəfindən bayramın dövlət səviyyəsində qeyd olunması məqsədi ilə misilsiz xidmətlərindən milli mənəvi dəyərlərimizə verdiyi böyük qiymətdən danışıb.
Rektor Yusif Yusibov onu da vurğulayıb ki, “Səməni” müsabiqəsi milli adət-ənənələrimizi, dəyərlərimizi yaşatmaq, yeni nəsilə ötürməklə yanaşı, həm də Novruzu daha geniş şəkildə təbliğ etmək və tanıtmaq məqsədi daşıyır.
Universitetin prorektorları, professor-müəllim heyəti və tələbələrin böyük ruh yüksəkliyi ilə iştirak etdiyi festivalda Novruz bayramının atributları və milli adət-ənənələrimizi özündə əks etdirən bayram xonçaları nümayiş etdirilib.
Müsabiqədə maraqlı ideyalardan istifadə olunduğunu bildirən rektor Yusif Yusibov sərgilənən bayram xonçaları ilə yaxından tanış olub, tələbələrin hazırladıqları təamlardan dadıb, onlarla yumurta döyüşdürüb.
Tələblərin Novruza aid hazırladıqları əl işləri, fərqli tərtibatlarda olan səmənilər xonçalara xüsusi gözəllik verib. Şuşa və Xarıbülbül simvolu, qədimi qabların nümayişi festifalı daha da maraqlı edib.
Sonda münsiflər tərəfindən qaliblər müəyyən edilərək mükafat verilməsi qərara alınıb.
Tədbir konsert proqramı ilə davam edib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti