Novruz bayramı milli bayramımız və milli sərvətimizdir

      Novruz bayramı milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyin tarixi təcəssümüdür.

      Təbiətin oyanış fəsl, yazın müjdəçisi olan Novruz bayramı tarixən insanlarımız tərəfindən birlik, mehribanlıq, qardaşlıq rəmzi kimi qarşılanmış, sevilmiş və böyük məhəbbətlə qeyd olunmuşdur. Milli varlığımızı və ulu babalarımızın mənəvi aləminin zənginliyini bütün incəlikləri ilə əks etdirən bu el bayramı əsrlərin sınağından çıxmış gözəl adət-ənənələri ilə bu gün də xalqımız tərəfindən sevilir və uca tutulur. Novruzun gəlişi hər kəsə sonsuz sevinc və fərəh bəxş edir.

       Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərinin, milli mənəvi dəyərlərimizə verdiyi böyük qiymətin nəticəsidir ki, Novruz bayramı bu gün ölkəmizdə rəsmi səviyyədə geniş qeyd olunur.

     “Azərbaycan xalqı həmişə öz milli-mənəvi dəyərlərinə sadiq olub. Azərbaycan dövləti milli dəyərlərimizin qorunması üçün ardıcıl siyasət aparır. Biz öz milli mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik”, – deyən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin şaxələndirilmiş şəkildə davamıdır.

      Müstəqil Azərbaycanının davamlı inkişaf strategiyasının reallaşdırılması istiqamətində görülən işlər, həyata keçirilən böyük layihələr, bunların nəticəsi olaraq ölkəmizin dünyanın ən stabil ölkələri sırasında yer tutması, iqtisadi inkişaf göstəricilərinə görə regionda lider dövlətə çevrilməsi xalqımızda qanuni iftixar hissi doğurur.

      Novruz bayramı münasibətilə Gəncə Dövlət Universitetinin kollektivini və tələbələrini səmimi-qəlbdən təbrik edir, cansağlığı və səadət arzulayırıq!


Bayramınız mübarək olsun!

Rektorluq