GDU-NUN PROFESSOR –MÜƏLLİM HEYƏTİ GORANBOY RAYONUNDA GÖRÜŞ KEÇİRİB
Gəncə Dövlət Universitetinin (GDU) professor-müəllim heyəti Goranboy rayon Təhsil sektorunda orta ümumtəhsil məktəblərin yuxarı sinif şagirdləri ilə görüş keçiriblər.
Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Vüsal Cəfərov çıxış edərək görüşün əhəmiyyətindən danışıb. Diqqətə çatdırıb ki, məqsəd Gəncə Dövlət Universiteti ilə rayonda fəaliyyət göstərən ümumtəhsil məktəbləri arasında əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirmək və universitetdə tədris olunan ixtisaslar barədə şagirdləri ətraflı məlumatlandırmaqdır.
Görüşdə Universitetin işçi qrupunun üzvləri -dosent Cabbar Qarayev, dosent Allahverdi Quliyev, dosent Cavid Bağırzadə, dosent Məhərrəm Orucov, dosent Elvin Atakişiyev və Gəncə Dövlət Universiteti nəzdində Regional Kollecin əməkdaşı, müəllim Kamran Əhmədov çıxış edərək universitetin fəaliyyəti, ali təhsil ocağında tədris olunan ixtisaslar barədə geniş məlumat veriblər.
Goranboy rayon orta məktəb ümumtəhsil məktəblərinin müəllimləri çıxış edərək görüşün təşkilinə görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Görüşdə universitetin beynəlxalq elmi əlaqələri, eləcə də Gəncə Dövlət Universiteti və Türkiyə Respublikasının Dokuz Eylül Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən ikili diplom proqramı çərçivəsində tədris olunan ixtisaslar və bu istiqamətdə tələbələrə yaradılan imkanlardan bəhs olunub.
Görüşün sonunda şagirdlərə universitetin fəaliyyətinə dair məlumat kitabçası, diyircəkli qələm və dəftərçə təqdim olunub.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti









