Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib
Gəncə Dövlət Universiteti və YAP Gəncə şəhər Təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi fəaliyyətinə həsr edilən videoçarx nümayiş etdirilib.
YAP idarə heyətinin üzvü, YAP Gəncə şəhər Təşkilatının sədri Bayram Aslanov çıxışında qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi bütün dövrlər möhtəşəm quruculuq, tərəqqi və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin qızıl səhifələridir. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi müasir tariximizdə dönüş nöqtəsi oldu. Ulu Öndər Azərbaycana müstəqillik, dövlətçilik, suverenlik və milli-mənəvi dəyərlərə qayıdışı bəxş etdi. Ölkədə sülh və sabitliyi bərqərar etdi, ordu quruculuğuna, iqtisadi inkişafa şərait yaratdı, təhsilin və mədəniyyətin yüksəlişini təmin etdi. Azərbaycanı tənəzzüldə olan dövlətdən inkişaf edən ölkəyə çevirdi.
Unversitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxışında bildirib ki, bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Çünki xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bərpa edilib. 30 il düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müdrik siyasət nəticəsində Azərbaycan qüdrətli, suveren və qalib ölkəyə çevrilib. Ölkəmiz dünyada böyük etimad qazanan ölkə, etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır.
Rektorun baş müşaviri Asif Cavadov Ümummilli Liderin elm, təhsil, mədəniyyət sahələrinin inkişafına göstərdiyi əvəzolunmaz rolundan bəhs edib, bu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və əzmlə davam etdirildiyini diqqətə çatdırıb.
Dəyirmi masada Filologiya və xarici dillər fakültəsinin dekanı Yadigar Əliyevin “Heydər Əliyevin ana dili sevgisi”, Ümumi tarix kafedrasının müdiri Etibar Musayevin “Heydər Əliyevin Liderlik modeli: sabitlikdən tərəqqiyə”, Azərbaycan tarixi kafedrasının müdiri Gülarə Əliyevanın “Uğurlarımızın memarı”, Sosial fənlər kafedrasının baş müəllimi Üzeyir Balakişiyevin “Heydər Əliyev və milli dövlət quruculuğu” mövzusunda geniş məruzələri dinlənilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti












