Magistratura şöbəsində yaz imtahan sessiyası başladı

Gəncə Dövlət Universitetində (GDU) magistratura səviyyəsi üzrə 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb. Magistratura səviyyəsi üzrə imtahanlar iyun ayının sonuna kimi davam edəcək.

1 iyun 2026-cı il tarixdə başlayan imtahanlar yazılı formada aparılır, bütün imtahanlar kameralarla təhciz olunmuş auditoriyalarda keçirilir.

Magistratura şöbəsinin müdiri Emin Yaqubov imtahan prosesinin başlamasından öncə auditoriyalarda olub və imtahanda iştirak edən tələbələrə uğurlar arzu edib. Şöbə müdiri E.Yaqubov bildirib ki, imtahan sessiyası ilə bağlı tələbələrin pedaqoji və psixoloji dəstəklə təmin olunması məsələsi universitet rəhbərliyi tərəfindən xüsusi diqqət mərkəzində saxlanılır. 

Qeyd edək ki, imtahan sessiyasının mövcud qanunvericiliyin, təhsil standartlarının və universitetdaxili akademik qaydaların tələblərinə uyğun, şəffaf, obyektiv və mütəşəkkil şəkildə keçirilməsi məqsədilə zəruri təşkilati, metodiki, texniki və nəzarət tədbirləri əvvəlcədən həyata keçirilib. Sessiyaya hazırlıq çərçivəsində imtahan cədvəlləri hazırlanıb, cədvəllər elan lövhələrində yerləşdirilib.

Hazırlıq istiqamətində imtahanların keçiriləcəyi auditoriyalar əvvəlcədən yoxlanılıb, işıqlandırma, havalandırma və texniki təminat məsələləri nəzərdən keçirilib.