Fənn olimpiadasının qalibləri mükafatlandırılıb
18 iyun 2026-cı il tarixdə Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə orta ümumtəhsil məktəblərinin XI sinif şagirdləri arasında Azərbaycan dili və Ədəbiyyat fənni üzrə keçirilən olimpiada qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndələri, məktəb direktorları, fənn müəllimləri, şagirdlər və valideynlər iştirak ediblər.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunan fənn olimpiadasında uğur qazanan məktəbliləri təbrik edib. Prorektor diqqətə çatdırıb ki, olimpiadanın təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, sağlam rəqabət prinsipləri əsasında onların bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaratmaqdır.
Çıxışlardan sonra olimpiadanın nəticələrinə əsasən yüksək bal toplayan şagirdlərin adları açıqlanıb.
Diqqətə çatdırılıb ki, Gəncə şəhər 43 nömrəli tam orta məktəbin şagirdi Aynur Şərifova I yeri, 8 nömrəli tam orta məktəbin şagirdi Nərgiz Həsənova II yeri, 14 nömrəli tam orta məktəbin şagirdi Səfa Əliyeva isə III yeri qazanıb.
Bilik yarışında yüksək bal toplayan şagirdlərə Fəxri Fərman təqdim olunub.
Bununla yanaşı olimpiadanın təşkil olunmasında fəal iştirak etdiyinə görə Universitetin Filologiya və xarici dillər fakültəsinin əməkdaşları Aytən Müşkiyevaya, Kafiyə Musayevaya, Aynur Novruzovaya, Aygün Yusubovaya, Aytən Əhmədovaya, Samirə Quliyevaya, Nərminə Əliyevaya, Türkan Veysəlovaya təşəkkürnamə təqdim edilib.
Məktəb direktorları, müəllimlər və valideynlər bilik yarışının təşkilinə görə universitetin rektoru Yusif Yusibova minnətdarlıqlarını bildiriblər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti








