GDU-nun əməkdaşları Erasmus+ layihəsi çərçivəsində Finlandiyanın Jyväskylä universitetində təhsil turunda iştirak ediblər
2024-cü il aprelin 22-dən 24-dək Xəzər Universitetinin koordinatoru olduğu “Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Potensialının İnkişaf Etdirilməsi (DIRNA)” adlı Erasmus+ layihəsi çərçivəsində Finlandiyanın Jyväskylä universitetində təhsil turu keçirildi.
Avropanın 3, Azərbaycanın 7 ali təhsil müəssisəsinin nümayəndələrinin qatıldığı təlimdə Gəncə Dövlət Universitetinin İnnovasiyalar departamentinin direktoru Vasif Həsənov, İnnovasiya texnologiyalarının transferi və marketingi şöbəsinin müdiri Razim Əliyev və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov iştirak etdilər.
Layihə tərəfdaşı olan Jyväskylä universitetində keçirilən təlimin əsas məqsədi Azərbaycanda tədqiqat nəticələrinin idarə edilməsinin təkmilləşdirilməsi, tədqiqat nəticələrinə açıq çıxışın asanlaşması, hamıya əlçatan institusional repozitoriyalar şəbəkəsinin yaradılmasıdır.
Tədbirdə həm Azərbaycan universitetlərindən –(Xəzər Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyası, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti) , həm də Avropanın (L’Aquila Universiteti-İtaliya, İzmir Yüksək Texnologiya İnstitutu-Türkiyə) nümayəndələri iştirak ediblər.
Təlimdə iştirakçılara Jyväskylä universiteti tərəfindən universitetin kitabxanasının iş təcrübəsi, açıq elmi bazalar, tədqiqat məlumatlarının idarə edilməsi kimi mühüm istiqamətlərdə təqdimatlar edilib, müzakirələr aparılıb.
“DIRNA” layihəsinin məqsədi hər kəsə əlçatan İnstitusional repozitoriyalar (elektron arxivlər) Şəbəkəsinin yaradılmasına, tədqiqat nəticələrinin idarə edilməsində universitetlərin tədqiqat potensialının artırılmasına yönəldilib.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.







