Zəfərə gedən yol!
Gəncə Dövlət Universitetində Fizika və texniki fənlər fakültəsi Pedaqoji fakültə ilə birgə 27 Sentyabr –Anım gününə həsr olunmuş Zəfərə gedən yol adlı tədbir keçirib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri açaraq bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik, həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətdi. Prorektor qeyd edib ki, torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Bu eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin etdi.
Tədbirdə 27 Sentyabr- Anım Gününə həsr edilən videoçarx nümayiş olunduqdan sonra Mülki Müdafiə kafedrasının baş müəllimi Mahnur Məmmədova, şəhid Kərəm Həsənovun həyat yoldaşı, Texnologiya müəllimliyi ixtisasının III kurs tələbəsi Nərmin Həsənova, Fizika müəllimliyi ixtisasının III kurs tələbəsi Ülviyyə Məmmədli, Məktəbəqədər təhsil ixtisasının I kurs tələbəsi Ayşə Mahmudova və Təhsildə sosial psixoloji xidmət fakültəsinin III kurs tələbəsi Aysun Allahverdiyeva çıxış ediblər.








