Altı yüzdən çox bal toplayan 14 nəfər Gəncə Dövlət Universitetini seçib
Dövlət İmtahan Mərkəzi tərəfindən 2018-2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 600 və daha yüksək bal toplayan abituriyentlərdən 14 nəfəri Gəncə Dövlət Universitetini seçib. Universitetə 500 və daha yüksək balla daxil olan tələbələrin sayı isə 101 nəfər olub.
Universitetin mətbuat və ictimaiyyətlə əlaqələr xidməti bildirir ki, builki qəbul göstəriciləri bu vaxtadək GDU-da qeydə alınmış ən yüksək rəqəmlər hesab olunur. Ali təhsil müəssisəsinin fakültələri arasında ən yüksək göstərici isə xarici dillər və filologiya fakültələrində qeydə alınıb.
Belə ki, qəbul imtahanında 657 bal toplayan Hicran Əliyeva filologiya, 653 bal toplayan Aytən Mirzəyeva və 645 bal toplayan Günel Fərzəliyeva xarici dillər fakültələrini seçiblər.
Qeyd edək ki, bu il Gəncə Dövlət Universitetinin 40 ixtisası üzrə 1482 abituriyent ixtisas seçimində iştirak edib. Həmin gənclərdən 1450-si qeydiyyatdan keçərək seçimlərini təsdiqləyiblər.