Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir

Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Azərbaycanın taleyinə isə bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı yazılıb.Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirilib. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşayıb.İkinci tarixi imkan bir də 70 il sonra yaranıb. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verib.

Bu fikirlər Gəncə Dövlət Universitetində Dövlət Müstəqilliyi Günü münasibətilə keçirilən tədbirdə ssləndirilib.

Tədbiri açan Humanitar məsələlər üzrə prorektor, dosent Gülsüm Fətəliyeva bildirib ki, Azərbaycan xalqı özünün tarixi nailiyyəti olan dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümünü təntənə ilə bayram edir. 1991-ci il oktyabrın 18-də müstəqillik haqqında Konstitusiya Aktının qəbul edildiyini vurğulayan G. Fətəliyeva 1918-ci ildə olduğu kimi, 1991-1993-cü illərdə də müstəqilliyimizin ciddi təhlükələrə məruz qaldığını diqqətə çatdırıb.

Toplantıda çıxış edən universitetin Tarix fakültəsinin müəllimləri dosent Cavid Bağırzadə, Bəxtiyar Məhərrəmov, Sevinc Bağırova və Gülşən Mustafayeva məruzələrində Azərbaycan xalqının istiqlaliyyət tarixinə nəzər salaraq onun mübarizələrlə qazandığı müstəqillik yolundan bəhs ediblər.

Qeyd edilib ki, 26 il əvvəl Azərbaycan Respublikası Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni 4 gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxlayıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edilib. Müstəqilliyinin ilk illərində ölkəmiz xeyli çətinliklərlə üzləşib. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz edib. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, əslində Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qazanıb. Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən xilas edib. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırıb. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutub.

1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar isə Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl olub. Bir sözlə, əgər Azərbaycanın müstəqilliyi tarixi zərurətdən irəli gələn hadisə idisə, bu müstəqilliyin əbədiliyi və dönməzliyi ümummilli lider Heydər Əliyevin adı və bağlıdır.

Universitetin Azərbaycan tarixi kafedrasının müdiri Emma Aslanova və Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova qeyd ediblər ki, Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Bütün bunlar bir daha deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir.