Rektor Yusif Yusibov: Ali təhsildə keyfiyyət məqsədimizdir

Mütəxəssiləri – ali təhsil proqramlarının rəqabətqabiliyyətliliyi, müasirliyi və aktuallığı, məzunları – təhsilin keyfiyyəti, təhsil aldığı ali məktəbin nüfuzu və gələcək kariyeraları, istehlakçıları – məzunların praktik bilik və bacarıqları, dövləti – ölkənin iqtisadi inkişafı və ali təhsilə qoyulan investisiyalar, tələbələri və onların valideynlərini isə keyfiyyətli ali təhsil verən universitet seçimi maraqlandırır.

Bu fikirlər Gəncə Dövlət Universitetində 2017-2018-ci tədris ilinin ilk ayının hesabatında səsləndirilib.

Hesabat yığıncağında iştirak edən universitetin prorektorları, fakültə dekanları, kafedra və şöbə müdirləri, eləcə də universitetdə tədrisin keyfiyyətinə nəzarət komissiyalarının rəhbərləri və monitorinq qrupunun üzvləri görülmüş işlərə dair hesabat məruzəsi ilə çıxış ediblər.

Tədbiri açan rektor, professor Yusif Yusibov bildirib ki, son 3 ildə Gəncə Dövlət Universitetinin inkişafı yüksək nailiyyətlərlə şərtlənib. Belə ki, universitetdə təhsil-tədris prosesində keyfiyyətin yüksəldilməsi üçün ali təhsil müəssisəsinin infrasrtukturu yaxşılaşdırılıb, maddi texniki və tədris bazası möhkəmləndirilib. Universitetin normativlər toplusu təkmilləşdirilib, müasir kompetensiyaya malik kadrlarla təminatın səviyyəsi yüksəldilib. Bunun üçün dünyanın qabaqcıl universitetləri ilə əməkdaşlıq müqavilələri imzalanıb, qarşılıqlı əlaqələr yaradılıb, beynəlxalq konfranslarda, elm və təhsil layihələrində iştirak təmin edilib, professor-müəllim və tələbələrin akademik mobillik proqramlarına qoşulması sürətləndirilib. Universitetdə aparılan elmi tədqiqat işlərinin dünya səviyyəsində rəqabətqabiliyyətliliyini təmin etmək və alınan nəticələrin sənayeyə tətbiqinə nail olmaq üçün yeni laboratoriyalar qurulub, elm və təhsil təşəbbüslərinin kommersiyalaşdırlması məqsədilə İnnovasiyalar departamanti fəaliyyətə başlayıb. Təhsil prosesinin vacib göstəricilərindən olan semestr və dövlət imtahanlarının təşkili, eləcə də imtahanlarda obyektivliyin və şəffaflığın təmini məqsədilə bir çox yeniliklər tətbiq edilib, valideynlərin və ictimaiyyət nümayəndələrinin imtahan prosesini müşahidə etməsi üçün “açıq qapı” günləri keçirilib. Həmçinin Gəncə Dövlət Universitetində baş verən yeniliklərin ictimaiyyətə daha dolğun və operativ çatdırılması məqsədilə Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin fəaliyyəti yenidən təşkil edilib. Bir sözlə görülən tədbirlər ali təhsildə keyfiyyəti Gəncə Dövlət Universiteti kollektivinin əsas hədəfinə çevirib.

Qeyd edilib ki, bu gün də Gəncə Dövlət Universitetinin çoxminlik kollektivi Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” haqqında sərəncamından irəli gələn, Təhsil nazirliyinin ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsi üçün apardığı islahatlarda və həyata keçirdiyi layihələrdə fəal iştirak edir və qarşıya qoyulan məqsədlərə çatmaq üçün fəaliyyətini davam etdirir.

Sonra prorektorların, fakültə dekanlarının, kafedra və şöbə müdirlərinin, eləcə də tədrisin keyfiyyətinə nəzarət komissiyalarının rəhbərlərinin və monitorinq qrupu üzvlərinin universitetdə dərslərin və nizam-intizamın təşkili, tədrisin keyfiyyətinin yüksəldilməsi, tələbələr arasında məmnuniyyətin təmin edilməsi ilə bağlı görülmüş işlərə dair hesabatı dinlənilib, bir sıra tapşırıqlar verilib