Bratislava Körpüsü: Azərbaycanın Qərbə açılan yeni Strateji Pəncərəsi

8 dekabr 2025-ci il tarixində Prezident İlham Əliyev Slovakiya Respublikasına rəsmi səfər etmişdir. Bu səfər – Bakı-Bratislava əlaqələrində yeni bir mərhələni, dostluq və strateji tərəfdaşlıq bağlarının daha da möhkəmləndirilməsini simvolizə edir. Səfərin vaxtı və konteksti – regionda nəqliyyat-logistika, enerji və yeni geoiqtisadi reallıqların formalaşdığı bir dövrdədir. Səfər həm ikitərəfli münasibətlərin inkişafı, həm də regionun Avropa–Asiya tranzit və enerji xəritəsində Azərbaycanın rolunun yenidən təsdiqi baxımından əhəmiyyətə malikdir.

İlk olaraq Prezident İlham Əliyevin Slovakiya Respublikasına səfərinin rəmzi və diplomatik əhəmiyyətini qeyd edək. Bu iki ölkə arasında “strateji tərəfdaşlıq” səviyyəsinə yüksələn münasibətlərin simvoludur. Xatırladaq ki, bir il öncə 2024-cü ildə  tərəflər “Ortaq Bəyannamə üzərində” razılaşma imzalamışdılar. Diplomatik ritual və görüşlərin geniş tərkibdə keçirilməsi – ikitərəfli münasibətlərin sadəcə formal deyil, real tərəfdaşlıq xəttinə doğru yönəldiyinin göstəricisidir.

Bütün bu amillər göstərir ki, səfər rəmzi addımdan artıq – yeni reallıqlar və uzunmüddətli planların başlanğıcıdır. Prezident İlham Əliyevin Slovakiya Respublikasına səfərinin diplomatik əhəmiyyəti, dostluq münasibətlərinin  növbəti səviyyəyə yüksəldə biləcək siyasi iradənin göstəricisidir.

Prezident İlham Əliyevin Slovakiya Respublikasına səfəri Azərbaycanın tranzit-nəqliyyat rolu və enerji – geoiqtisadi reallıqlarının Avropa, eləcə də Slovakiya üçün nə qədər əhəmiyyət daşıyır.Azərbaycan uzun müddətdir ki, xarici siyasət prioritetlərini müəyyən edib.

 8 dekabr tarixindəki səfər də bu xəttin məntiqi davamıdır. Səfər zamanı Prezident İlham Əliyev bildirdi ki, “Azərbaycan artıq Şərqlə Qərb arasında körpü rolunu oynayır” – və bu, sadəcə metaforik deyil, praktiki geoiqtisadi reallığın təsdiqidir.

Azərbaycan enerji resursları ilə yanaşı, nəqliyyat-logistika və infrastruktur baxımdan da Avropanın və Asiyanın ortaq maraqlarının kəsişdiyi nöqtəyə çevrilib. Slovakiya ilə əməkdaşlıq bu konteksdə, Orta və Mərkəzi Avropa bazarlarına asan çıxış, enerji və yük tranzitində iştirak üçün yeni imkanlar açır.

Slovakiya Azərbaycana potensial qərb qapısı kimi baxır. Yəni Bratislava -Avropa İttifaqı və mərkəzi Avropa bazarlarına çıxış üçün əlverişli tərəfdaşdır. Azərbaycan tranzit-daşıma, enerji tədarükü və geoiqtisadi “körpü” kimi artan dəyərə malikdir və bu dəyər regionda yeni əməkdaşlıq modellərinin əsasını təşkil edir.

Səfər əsnasında yalnız diplomatik bəyanatlar verilməmiş, həm də gələcək layihələr üçün perspektivlər müəyyən olunmuşdur. Aşağıdakı sahələr baxımından əməkdaşlıq müəyyənləşir.

Nəqliyyat və logistik marşrutlar – Azərbaycandan Avropaya yük və yükdaşımaların artırılması; tranzit marşrutlarının daha səmərəli, etibarlı və sürətli olması üçün infrastrukturun birgə inkişafı. Bu, region tranzit marşrutlarının diversifikasiyası və yeni yük axınlarının formalaşması deməkdir.

Enerji sahəsi – Azərbaycan enerji potensialı və tədarükü ilə Avropa enerji təhlükəsizliyində rolunu gücləndirə bilər. Slovakiya (və daha geniş – Avropa) ilə enerji tədarükü, bəlkə də yeni enerji razılaşmaları, investisiyalar, layihələr mümkünlüyü artır.

Humanitar əməkdaşlıq və region təhlükəsizliyi – söhbətlərdə Slovakiyanın mina təmizləmə, bərpa və humanitar yardım sahələrində yardımçı olması perspektivi gündəmə gətirilmişdir. Bu, savaş sonrası Azərbaycanın bərpa və reinteqrasiya prosesində mühüm rol oynaya bilər.

 “Körpü – Şərq və Qərb arasında” rol anlayışı, sadəcə simvolik konsept deyil, real strateji geoiqtisadi durumu əks etdirir.

Bu məqamda, Azərbaycan öz tranzit, logistik və energetik potensialını – coğrafi mövqeyini, infrastruktur investisiyalarını və sabitliyi – reallaşdırmaq üçün əlverişli mövqedədir. Səfər həmin mövqeni rəsmiləşdirir.

8 dekabr 2025-ci il tarixdə Prezident İlham Əliyevin Slovakiya Respublikasına rəsmi səfəri Azərbaycanın Şərqlə Qərb arasında “körpü” rolunu sadəcə retorika kimi deyil, real imkanlara, infrastruktur investisiyalarına, geoiqtisadi və diplomatik şərtlərə əsaslanaraq formalaşdırır. Bu, yalnız region üçün deyil, Avropa-Asiya əlaqələri üçün də mühüm dinamikadır.

Gəncə Dövlət Universitetinin Ümumi tarix kafedrasının müdiri,  

   dosent Etibar Adil oğlu Musayev