FƏNN OLİMPİADASININ QALİBLƏRİ MÜKAFATLANDIRILIB

3 may 2025-ci il tarixdə Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə orta ümumtəhsil məktəblərinin şagirdləri arasında İngilis, Rus, Alman və Fransız dili fənləri üzrə keçirilən olimpiada qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

            Tədbirdə rektorun baş müşaviri Asif Cavadov, Ümumi işlər üzrə prorektor Samir Məmmədov, Təcrübə və karyera şöbəsinin müdiri  Cabbar Qarayev, məktəb direktorları, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.

          Rektorun baş müşaviri Asif Cavadov çıxış edərək fənn olimpiadasında uğur qazanan məktəbliləri təbrik edib. Diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr olunmuş olimpiadanın təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, sağlam rəqabət prinsipləri əsasında onların bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaratmaqdır.

      Çıxışlardan  sonra olimpiadanın nəticələrinə əsasən yüksək bal toplayan 22 şagirdə Fəxri Fərman təqdim olunub. Həmçinin olimpiadanın təşkil olunmasında fəal iştirak etdiyinə görə Gəncə Dövlət Universitetinin əməkdaşları – Qramatika və ingilis dili kafedrasının baş müəllimləri Türkan Cəlilovaya və Gülər Sadıqovaya, Rus dili kafedrasının baş müəllimi Leyla Piriyevaya, Alman dili kafedrasının baş müəllimi Vüsalə Kərimovaya  Fəxri Fərman təqdim edilib.

    Məktəb direktorları, müəllimlər və valideynlər bilik yarışının təşkilinə görə universitetin rektoru Yusif Yusibova  minnətdarlıqlarını bildiriblər.

     Qeyd edək ki, 3 may 2025-ci il tarixdə keçirilən bilik yarışında Gəncə şəhəri ilə yanaşı Goranboy, Samux və Göygöl rayonlarının orta ümumtəhsil məktəblərinin XI sinif şagirdləri iştirak ediblər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti