GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ ANIM GÜNÜ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLMİŞDİR
Gəncə Dövlət Universitetində 27 sentyabr-Anım Günü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar. Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın Dövlət Himni səsləndirilmişdir.
Universitetin rektoru, professor Yusif Yusibov tədbiri giriş sözü ilə aşaraq Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən danışmışdır. Qeyd etmişdir ki, iki il öncə sentyabrın 27-də işğalçı Ermənistanın Qarabağda növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu 44 günlük Zəfər yürüşü ilə ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Silahlı Qüvvələrimiz hər bir kənd, qəsəbə, şəhər, eləcə də strateji yüksəkliklərin düşməndən təmizlənməsi uğrunda rəşadətlə döyüşərək böyük tarixi nailiyyətlə imza atdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi, müzəffər Ordumuzun cəsurluğu, qəhrəmanlığı nəticəsində Vətən müharibəsi zəfərlə başa çatdı. Bu tarixi Qələbə əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı və Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı. Söz yox ki, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillərdəndir. İşğal altındakı ərazilərimiz düşməndən azad olunandan bir neçə gün sonra dövlətimizin başçısı həmin ərazilərdə bayrağımızı ucaltdı və bəyan etdi ki, bundan sonra bu torpaqlarda biz yaşayacağıq, necə ki, əsrlər boyu babalarımız yaşayıb, biz yaşamışıq, xalqımız yaşayıb.
Rektor onu da vurğulamışdır ki, Vətən müharibəsində Gəncə Dövlət Universitetinin əməkdaşları da fəallıqla iştirak etdilər. Bu döyüşlərdə 16 nəfər universitet əməkdaşı şəhid oldu. Onlarla əməkdaş qazi statusu aldı. Universitet rəhbərliyi onların adlarını xatirələrdə yaşatmaq üçün xüsusi guşə yaratmışdır ki, tez-tez həmin guşə ziyarət olunaraq önünə gül dəstələri qoyulur.
Sonra şəhid Yüksəl Əlizadənin anası, universitetin Leksika və ölkəşünaslıq kafedrasının müdiri, dosent Sevda Kazımova, Millət Vəkili Pərvin Kərimzadə, universitetin əməkdaşı, qazi Orxan Əliyev, Azərbaycan tarixi kafedrasının baş müəllimi Eldar Mehdiyev və universitetin humanitar məsələləri üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı uğurlardan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzqgörən siyasətindən söhbət açmış, hazırda işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən abadlıq və quruculuq işlərindən danışmışlar.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.