Gəncə Dövlət Universitetində “Himayədar ailə” uşaq alternativ qayğı modeli haqqında ictimai dinləmə keçirilib
Gəncə Dövlət Universitetində Gəncə Şəhər İcra Hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin Gəncə-Daşkəsən Regional filialının birgə təşkilatçılığı ilə “Himayədar ailə” uşaq alternativ qayğı modeli mövzusunda ictimai dinləmə keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ümummilli Lider Heydər Əliyevin, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb və bu cür dinləmələrin ali təhsil ocağında keçirilməsinin vacibliyindən danışıb.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin Gəncə-Daşkəsən Regional filialının müdiri Hikmət Əmiraslanov Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri, həssas əhali qruplarına göstərilən sosial xidmətlər, bu sahədə operativlik, əlçatanlıq və şəffaflığın təmin olunması ilə bağlı həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Həmçinin Hikmət Əmiraslanov “Himayədar ailə” qayğı modelinin mahiyyətini, üstünlüklərini, müraciət qaydalarını da izah edib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xalidə Mete “ Sosial təhlükəli vəziyətdə olan uşaqlarla aparılan iş və əməkdaşlıq” , Sosial Xidmətlər Agentliyinin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin Uçot şöbəsinin müdiri Samir Hüseynov “ Himayədar Ailə uşaq alternativ qayğı modeli” , Gəncə-Daşkəsən Regional Filialının aparıcı mütəxəssisi Cavanşir Ələkbərov “Müəssisələşmənin qarşısının alınması” mövzularında çıxış ediblər. Himayədar valideyn olmaq istəyən şəxslərin qiymətləndirilməsi prosesi və digər praktiki məsələlər haqqında məlumat veriblər.
Tədbirin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti