GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ İMTAHAN SESSİYASI BAŞLADI
Dekabrın 29-dan Gəncə Dövlət Universitetində 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlamışdır.
İmtahanlar Təhsil naziri Ceyhun Bayramovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrinə əsasən təşkil edilmişdir. Əmrdə ali və orta ixtisas təhsili müəssisələrində 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsi, təhsil müəssisələrində imtahan qərargahlarının yaradılması, bu qərargahlara daxil olan hər bir şikayətin qısa müddətdə çevik şəkildə araşdırılıb lazımi tədbir görülməsi, eyni zamanda imtahanlarda şəffaflığın təmin edilməsi üçün ictimaiyyətin və tələbələrin valideynlərinin iştirakına şərait yaradılması öz əksini tapmışdır.
Gəncə Dövlət Universitetində bu əmrin icrası ilə bağlı müvafiq əmr imzalanmışdır. Əmrə əsasən sessiya başlamazdan öncə imtahanların şəffaf və obyektiv keçirilməsi məqsədilə fakültə dekanları, kafedra müdirləri qarşısında konkret vəzifələr qoyulmuşdur. Hazırda imtahanlar şifahi, yazılı, test və qabiliyyət formalarında aparılır. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən asılı olaraq yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə Qərargah və onun nəzdində universitet üzrə “Qaynar xətt” yaradılmışdır. Payız imtahan sessiyasının gedişinə operativ nəzarət etmək məqsədilə təşkil edilmiş komissiyaların rəhbərləri və nümayəndələri fakültələr və tədris korpusları üzrə təhkim olunmuşlar.
Eyni zamanda universitetin rektoru, professor Yusif Yusibov imtahan prosesini müşahidə edir, tələbələrin imtahanların gedişinə münasibəti ilə maraqlanır və zəruri tapşırıqlarını verir.
Dekabrın 29-dan etibarən imtahan kommissiyası rəhbəri və üzvləri imtahan prosesini müşahidə etməklə yanaşı, imtahan prosesinin gedişi ilə əlaqədar tələbələrin fikirlərini və onları maraqlandıran sualları dinləyib, müvafiq strukturların rəhbərlərinə göstəriş və tapşırıqlarını vermişlər.
Tələbələr universitetdə imtahan zamanı obyektivliyin və şəffaflığın təmin olunması istiqamətində görülən işləri yüksək qiymətləndirmişlər.
MƏTBUAT VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR XİDMƏTİ