GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ PAYIZ SEMESTRİNİN İMTAHAN SESSİYASI UĞURLA DAVAM EDİR

Gəncə Dövlət Universitetində 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyası uğurla davam edir.

Universitetdə 6 yanvar 2025-ci il tarixdən etibarən yazılı formada keçirilən imtahanlar artıq yekunlaşıb və  yanvar ayının 23-dən test üsulunda imtahanların keçirilməsinə başlanılıb. Gün ərzində 3000-ə qədər tələbənin test imtahanlarında iştirakı nəzərdə tutulur. 50 test sualını cavablandırmaq üçün tələbələrə 1 saat vaxt təyin edilir.  

  İmtahanların gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə GDU-da İmtahan Mərkəzi, İmtahan Qərargahı və Apellyasiya Komissiyası təşkil edilib. Bunlarla yanaşı imtahanlara ictimai nəzarətin həyata keçirilməsi məqsədilə elm xadimləri, millət vəkilləri, ictimaiyyət və KİV nümayəndələri, eləcə də tələbə valideynlərindən ibarət “İctimai nəzarət şurası” yaradılıb, auditoriyalara müasir kameralar quraşdırılıb. İmtahan sessiyasının mövcud əsasnamələrə uyğun keçirilməsi, imtahan prosesinə kənar müdaxilənin yol verilməməsi, tələbələrin biliklərini nümayiş etdirməsi üçün universitetdə lazımi şərait yaradılıb.

 İmtahan sessiyasının 31 yanvar tarixdə yekunlaşması nəzərədə tutulur. Sessiya zamanı üzürlü səbəbdən imtahanda iştirak etməyən və akademik borcu yaranmış tələbələrə isə 03-14 fevral 2025-ci il tarixlərdə təkrar imtahan vermək imkanı yaradılacaq.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti