Gəncə Dövlət Universitetində Zəfər Günü ilə əlaqədar tədbir keçirilmişdir
Gəncə Dövlət Universitetində Zəfər Günü ilə əlaqədar böyük bayram tədbiri keçirilmişdir. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərləri, şəhid valideynləri, qazilər, eləcə də Vətən müharibəsində şücaət göstərən komandir və hərbçilər iştirak etmişlər.
Tədbirdə Vətən müharibəsində şəhid olmuş igid övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Sonra universitetin rektoru, professor Yusif Yusibov qonaqları salamlamış və bu əziz bayram münasibətilə tədbir iştirakçılarına xoş arzularını bildirmişdir. Diqqətə çatdırmışdır ki, Azərbaycan Respublikakısının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli ordumuz 28 il erməni əsarətində olan torpaqlarımızı azad etdi. Noyabrın 8-də uzun sürən həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə unikal hərbi əməliyyat kimi daxil oldu.
Rektor onu da vurğulamışdır ki, torpaqlarımızın erməni işğalçılarından azad edilməsində Gəncə Dövlət Universitetinin 39 nəfər vətənpərvər oğlu könüllü olaraq cəbhəyə getmiş və torpaqlarımızın yağı düşməndən azad olunmasında fəallıqla iştirak etmişdir. Onlardan 33-ü tələbə, 6 nəfəri isə əməkdaş olmuşdur. Bu gün haqlı olaraq təhsil ocağının kollektivi bu insanlarla fəxr edir.
Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır. Artıq həmin an yetişmişdir. İndi ölkəmizdə bu əziz bayram yüksək səviyyədə qeyd edilir.
Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək o qanlı-qadalı günlərdən danışaraq demişdir ki, cəbhədə uğursuzluq qazanan erməni işğalçıları müharibənın qızğın çağında dinc əhalini raket atəşinə tutmağa başladı. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə atdığı raket zərbələri nəticəsində insan tələfatı ilə yanaşı, çoxlu sayda evlər də dağıldı. Yüzlərlə insan evsiz-eşiksiz qaldı. Ölənlər arasıında azyaşlıların da olması erməni faşizminin iç üzünü bir daha dünyaya göstərdi.
Niyazi Bayramov bombardman nəticəsində evləri dağılmış insanların yeni evlərlə təmin olunması üçün ölkə başçısının həyata keçirdiyi tədbirləri də tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.
Türkiyə Respublikasının Gəncədəki Baş Konsulu Zəki Öztürk çıxışında 44 günlük müharibə zamanı qardaş ölkənin, şəxsən dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Azərbaycan xalqının yanında olmasını, onun haqq işini dəstəkləməsini təbii hal kimi dəyərləndirmiş və Azərbaycan-Türkiyə qardaşlığının bundan sonra da sarsılmaz olacağını diqqətə çatdırmışdır.
Sonra tədbirdə birinci və ikinci Qarabağ müharibəsinin iştirakçısı, cəsur döyüşçü, Suqovuşanın azad olunmasında əsl şücaət göstərən polkovnik Qalib Cəfərov, universitetin fizika kafedrasının müəllimi, şəhid Elşən Abdullayevin atası Sabir Abdullayev, Vətən müharibəsi iştirakçısı, universitetin tarix müəllimliyi ixtisasının IV kurs tələbəsi Tural Zeynalov, Vətən müharibəsi qazisi, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə və “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunmuş Ramin Şirinov çıxış edərək geçdikləri döyüş yolundan danışmış, Zəfər Günü münasibətilə tədbir itirakçılarını təbrik etmişlər.
Gəncə Dövlət Universitetinin müəllim və tələbələrinin iştirakı ilə təqdim olunan böyük bayram konsertindən sonra universitetin baş binasında və ikinci tədris korpusunda şəhidlərdən və Vətən müharibəsi iştirakçılarından bəhs edən guşələrin açılışı olmuşdur. İştirakçılar guşənin önünə tər qərənfillər düzmüşlər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.