GƏNCƏ ŞƏHƏR ORTA ÜMUMTƏHSİL MƏKTƏBLƏRİ İLƏ UNİVERSİTET ARASINDA ƏMƏKDAŞLIQ ƏLAQƏLƏRİ UĞURLA DAVAM EDİR

Gəncə şəhəri Nəriman Nərimanov adına 25 saylı tam orta məktəbdə Gəncə Dövlət Universitetinin Fizika kafedrasının müdiri dosent Niyazi Quliyevin “Elektrik və canlı orqanizm” mövzusunda nümunəvi açıq dərsi keçirilib.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, açıq dərsdə  N.Nərimanov adına 25 saylı tam orta məktəbin müəllim və yuxarı sinif şagirdləri, eləcə də Gəncə Dövlət Universitetinin professor–müəllim heyəti iştirak ediblər.

Tədbiri açan N.Nərimanov adına 25 saylı tam orta məktəbin direktoru Səmadil Əliyeva universitet alimləri ilə məktəb şagirdləri arasında keçirilən görüşlərin hər bir şagirdin inkişafında, onların əsl şəxsiyyət kimi formalaşmasındakı rolundan danışıb.

Təcrübə və karyera şöbəsinin müdiri dosent Cabbar Qarayev bildirib ki, Respublikamızın qərb bölgəsində ən böyük ali təhsil müəssisəsi olan Gəncə Dövlət Universiteti yüksək ixtisaslı pedaqoji kadrların hazırlanması istiqamətində ixtisaslaşıb. Respublikamızın ali təhsil müəssisələri içərisində özünün reytinqini ildən-ilə yüksəldən Gəncə Dövlət Universitetini yüksək balla seçən tələbələrin sayı da bu uğurlu göstəriciyə uyğun olaraq hər il artır.          Cabbar Qarayev məktəblilərə universitetin beynəlxalq əlaqələri, həyata keçirilmiş akademik mübadilə proqramları, GDU-nun təmsil olunduğu beynəlxalq sərgilər və nailiyyətləri haqqında ətraflı məlumatlar verib.

Sonra məruzəçi Niyazi Quliyevin “Elektrik və canlı orqanizm” mövzusunda mühazirəsi dinlənilib.

Məruzəçi dosent Niyazi Quliyev qeyd edib ki, hələ bizim eradan əvvəl VII əsrdə yun parçaya sürtülmüş kəhrəba müxtəlif cisimləri özünə cəzb etmə xassəsi əldə edib. Bu hadisə qədim yunan filosofu Faleş tərəfindən təsvir edilib. Uzun müddət belə hesab ediblər ki, bu xassə yalnız kəhrəbaya aiddir və bununlada “elektrik “ sözünün mənşəyi izah olunub. Elektrik sözü ilk dəfə 1600 – cü ildə ingilis alimi Uilyam Hilbert tərəfindən elmə daxil edilib. Fransız alimi Dyufe iki növ elektrikin olduğunu müəyyən edib, amerikalı ictimai xadim və alim Franklin isə müsbət (+) və mənfi (-) elektrik anlayışlarını elmə daxil edib. Ümumiyyətlə isə  elektriklənmə haqqında elmin banisi Fales hesab edilir.

Dosent Niyazi Quliyev canlı elektrik mənbəyi, sabit və dəyişən cərəyanın, eletromaqnit dalğalarının orqanizm toxumalarına təsiri və elektrokardioqrama haqqında ətraflı məlumat verib. 

Sonda şagirdləri maraqlandıran suallara ətraflı cavablandırılıb.