GƏNC RƏSSAMLARIN SƏRGİSİ

10 noyabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Əsas binanın II mərtəbəsinin foyesində Fizika və texniki fənlər fakültəsinin  Təsviri incəsənət müəllimliyi  ixtisasının tələbələrinin rəsm əsərlərinin sərgisi təşkil olunmuşdur.

Universitetin professor-müəllim heyəti,  tələbələr gənc istedadların müxtəlif üslubda yaratdıqları  rəsmlərlə, onların müəllifləri ilə tanış olmuş, yaradıcı gənclərin sənətkar fantaziyalarına, real təbiət və insan gözəlliklərinə qələm və fırça ilə göstərdikləri münasibətə öz rəylərini bildirmişlər.

Sərgidə nümayiş etdirilən rəsmlərin müəllifləri əsasən tələbə qızlardır. Onlar öz yaradıcılıqları ilə sərgini seyr edənlərin hədsiz marağına və xoş ovqatlarına səbəb oldular. Tələbə Gənclər Təşkilatı Universitetin rektoru professorYusif Yusibovun dəstəyi ilə müxtəlif sahələr üzrə istedadlı tələbələrin yaradıcılıqlarına həsr edilmiş bu cür sərgilərin müntəzəm olaraq təşkilini nəzərdə tutmuşdur.