GDU-da “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təqdimatı keçirilib
Gəncə Dövlət Universitetində (GDU) “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin məlumatlandırma sessiyası keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva çıxış edərək GDU tələbələrinin könüllülük fəaliyyətindən danışıb və gənclərə uğurlar arzulayıb.
“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Leyla Zeynalova 30.000-dən çox üzvü olan təşkilatın fəaliyyət istiqamətləri, üzvlük prosesi və gələcək layihələr barədə geniş məlumat verib. Qeyd edib ki, təşkilatın əsas məqsədi tələbə-könüllülərin intellekt səviyyəsinin, dünyagörüşünün genişləndirilməsinə dəstək olmaq, gənclərin tələbəlik həyatını daha rəngarəng və faydalı keçirməyə, karyera imkanlarının genişlədirməyə şərait yaratmaqdır.
Tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Sevinc Quliyeva və İctimai Birliyin GDU üzrə koordinatoru Əsli Məhərrəmova könüllülük fəaliyyətinin üstünlüklərindən söhbət açaraq gəncləri fəal olmağa səsləyiblər.
Tədbirin sonunda tələbələr arasında əyləncəli və interaktiv oyunlar keçirilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti