GDU-da  “El bilir ki, sən mənimsən” adlı ədəbi-bədii gecə

19 may 2026-cı il tarixdə Gəncə Dövlət Universitetində Azad Həmkarlar İttifaqı Komitəsi, Filologiya və xarici dillər fakültəsi, bilavasitə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının birgə təşkilatçılığı ilə Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş “El bilir ki, sən mənimsən” adlı ədəbi-bədii gecə keçirilib.

Universitetin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə tədbiri giriş sözü ilə açaraq görkəmli söz ustadı Səməd Vurğunun Azərbaycan ədəbiyyatındakı xidmətlərindən, onun milli-mənəvi dəyərlərimizin formalaşmasında önəmli rolundan bəhs edib.

Tədbirdə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səba Namazova, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, İnstitutun XX əsr Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aslan Salmansoy böyük şair, görkəmli dramaturq və publisist, ictimai xadim Səməd Vurğunun misilsiz sənətkarlıq imkanlarından, milli və ümumbəşəri məzmun ifadə edən zəngin, çoxşaxəli yaradıcılığından ətraflı söz açıblar.

GDU AHİK-in sədri Afaq Qasımova da öz çıxışında Səməd Vurğunun məhsuldar yaradıcılığının ayrı-ayrı məqamlarından, onun milli poeziyamızın inkişafına verdiyi mühüm töhfələrdən geniş bəhs edib.

Tədbir boyunca Filologiya və Xarici dillər fakültəsinin tələbələrinin ifasında məharətlə səsləndirilən böyük şairin lirik şeirlərindən nümunələr, bir sıra dram əsərindən səhnəciklər alqışlarla qarşılanıb.