GDU-da Mirzə Şəfi Vazehin yaradıcılığına həsr olunmuş elmi seminar keçirilmişdir
Gəncə Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin xətti, Filologiya fakültəsinin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və tanınmış maarifçi Mirzə Şəfi Vazehin həyat və yaradıcılığına həsr olunmuş elmi seminar keçirilmişdir.
Seminarda Filologiya fakültəsinin dekanı, dosent Zakir Ələsgərov, Azərbaycan və Dünya ədəbiyyatı kafedrasının müdiri, dosent Maqbet Əhmədov, filologiya üzrə fəlsəfə doktoru Mətanət Mahmudova, Azərbaycan və Dünya ədəbiyyatı kafedrasının baş müəllimi Aygün Əhmədova, kafedranın müəllimi Vüsal İsgəndərov və tələbə heyəti iştirak etmişlər.
Öncə Dövlət Himni səsləndirilmiş və Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Seminarda Azərbaycan və Dünya ədəbiyyatı kafedrasının baş müəllimi Aygün Əhmədova “Gəncəli müdrik” məruzəsi ilə çıxış etmiş və Mirzə Şəfi Vazehin həyat və yaradıcılığı haqqında ətraflı məlumat vermişdir. Çıxışlarda qeyd edilmişdir ki, erkən yaşlarından poeziyaya böyük həvəs göstərən Mirzə Şəfi Vazehin yaradıcılığı Azərbaycan ilə Avropa arasında ədəbi-mədəni əlaqələrinin inkişafında mühüm yer tutur. Mirzə Şəfi Vazehin lirik-romantik, mübariz, döyüşkən ruhlu əsərlərinin mövzusu və ideyası bu gün də aktualdır.
Azərbaycan və Dünya ədəbiyyatı kafedrasının müəllimi Vüsal İsgəndərov “Mirzə Şəfi Vazeh yaradıcılığına baxış”, Filologiya fakültəsinin birinci kurs tələbələri -Səma Məmmədzadə “Gəncədə doğan günəş”, Nərgiz Əsədova “Xəttat yaradıcılığı” məruzələri ilə çıxış etmişlər. Fakültənin tələbələri- Səkinə İbrahimova “Məhəbbət təranələri”, Zibeydə Abdullayeva “Hikmətli sözlər” şeirlərini səsləndirmişlər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti