GDU-da şəhid Mədəd Qənbərov adına auditoriyanın açılışı olub
Gəncə Dövlət Universitetində Vətən müharibəsi şəhidi Mədəd Qənbərovun xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə auditoriyanın açılışı olub.
Auditoriyanın açılışında öncə şəhidlərin əziz xatirəsi yad edilib.
Sonra universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva çıxış edərək bildirib ki, 30 illik torpaq həsrətinə son qoyan, qələbə sevincini xalqımıza yaşadan, başımızı uca edən Mədəd və onun timsalında bütün şəhidlərimizə hər zaman borcluyuq.
Şəhidin valideynləri, Filologiya fakültəsinin dekanı Zakir Ələsgərov, şəhidin tələbə yoldaşları və digər natiqlər Mədəd Qənbərovun döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan ətraflı söhbət açıblar. Bildirlib ki, ali məkətəbin Filologiya fakültəsinin şəhid məzunu Mədəd Qənbərov 44 günlük Vətən müharibəsinin ilk günlərindən müəllim qələmini silaha dəyişərək könüllü olaraq döyüşə qatılmış, cəsur döyüşçü adını qazanmış və Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Ölümündən sonra Mədəd Qənbərov “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
Tədbirin sonunda şəhidin valideynləri övladının xatirəsinə göstərilən ehtirama görə universitetin rəhbərliyinə və iştirakçılara minnətdarlıqlarını bildiriblər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti