GDU-nun əməkdaşları “Kvalifikasiyaların tanınması” mövzusunda forumda iştirak edib
Gəncə Dövlət Universitetinin əməkdaşları- Tədrisin təşkili və idarə olunması sektorunun müdiri Sevinc Quliyeva, İnformasiya resurslarının formalaşması şöbəsinin müdiri Aynur Qasımova və Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Mustafa Hüseynov “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaların tanınması: prosedurlar və diqqət yetirilməli məqamlar” adlı forumda iştirak ediblər.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə təşkil edilən forumun məqsədi xarici ölkələrin ali təhsil müəssisələrindən əldə edilmiş diplomların, həmçinin, qeyri-formal və informal təhsil yolu ilə əldə edilmiş bilik və bacarıqların tanınması, qiymətləndirilməsi sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, xüsusilə bu sahədə baş verən rəqəmsallaşmanın və tətbiq olunan yeniliklərin müzakirəsini təşkil etmək olub.
Tədbirdə Azərbaycan Respublikasının Elm və Təhsil nazirinin müavini Həsən Həsənli, nazirliyin səlahiyyətli nümayəndələri, yerli ali təhsil müəssisələrinin rəhbərləri və digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Elm və Təhsil nazirinin müavini Həsən Həsənli son dövrlərdə təhsil sahəsində aparılan islahatlardan danışıb, istər xarici ali təhsil, istərsə də qeyri-formal və informal təhsil sahəsində mövcud çətinliklərə toxunub, müasir dövrün tələbinə uyğun yeni çağırışlar və onların həlli istiqamətində diqqət yetirilməli məqamları vurğulayıb.
Açılış mərasimi Türkiyə Respublikasının Ali Təhsil Şurasının İdarə Heyətinin üzvü Hüseyin Karaman, Türkiyə Respublikasının Peşə Kvalifikasiyaları Agentliyinin sədri Mustafa Necmi İlhan və Beynəlxalq Kvalifikasiyaları Qiymətləndirmə Mütəxəssisləri Assosiasiyasının prezidenti Marina Malginanın çıxışı ilə davam edib.
Daha sonra forum beynəlxalq ekspertlərin spikerliyi ilə “Xarici kvalikasiyaların qiymətləndirilməsində rəqəmsallaşma və virtual əməkdaşlıq” və “Qeyri-formal və informal təhsilin tanınmasında çağırışlar və imkanlar” adlı panel müzakirələr ilə davam edib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti