GDU-nun əməkdaşları “Təhsildə Keyfiyyət, Dayanıqlılıq və İnnovasiya Forumu – 2026” adlı tədbirdə iştirak ediblər
2026-cı ilin 13 fevral tarixində Mingəçevir Dövlət Universiteti və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin birgə təşkilatçılığı ilə “Təhsildə Keyfiyyət, Dayanıqlılıq və İnnovasiya Forumu – 2026” adlı tədbir keçirilib.
Forumun əsas məqsədi ali və orta ixtisas təhsilində keyfiyyət təminatı, dayanıqlı inkişaf, innovativ yanaşmalar, beynəlxalq akkreditasiya və universitet–sənaye əməkdaşlığı sahəsində aktual məsələlərin müzakirəsi, həmçinin bu istiqamətdə təcrübə mübadiləsinin aparılması olub.
Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində keçirilən forumda universitet rektorları, TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov, 29 ali təhsil müəssisəsinin tədris və keyfiyyət şöbələrinin mütəxəssisləri, professor-müəllim heyəti, eləcə də 24-dən çox şirkət və təşkilatın, keyfiyyət sahəsində peşəkarlaşmış qurumların nümayəndələri iştirak ediblər.
Bu mötəbər Foruma Gəncə Dövlət Universitetinin əməkdaşları da qatılıb. Universitetin İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov, Keyfiyyət Təminatı Mərkəzinin müdiri İsmayıl İsmayılov, İnnovasiyalar Departamentinin əməkdaşı Kamran Yusifov, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri Səba Namazova, Ümumi pedaqogika kafedrasının əməkdaşları Lamiyə Hacımuradova, Göyçək Pirverdiyeva və Azərbaycan dili kafedrasının əməkdaşı Aytən Əhmədova panel müzakirələrində fəal iştirak ediblər.
Keçirilən üç panel iclası “Tədrisdən istehsalata: dayanıqlı universitet–sənaye əməkdaşlığı”, “Beynəlxalq akkreditasiya və dayanıqlı keyfiyyət təminatı: qlobal standartlara keçid” və “Ali təhsildə keyfiyyət və dayanıqlılıq: qlobal trendlər” mövzusuna həsr olunub.






