Narkomaniyaya yox deyək!
Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində “Narkomaniyaya yox deyək” adlı tədbir keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq narkomaniyanın cəmiyyət üçün yaratdığı ciddi təhlükələrdən və onun insan sağlamlığına vurduğu ağır zərərlərdən danışıb. Prorektor gənclərin sağlam həyat tərzini seçməsinin vacibliyini və milli-mənəvi dəyərlərə bağlılığın bu istiqamətdə mühüm rol oynadığını qeyd edib. Gülsüm Fətəliyeva sağlam cəmiyyətin formalaşmasında narkomaniya ilə mübarizənin önəmli rolundan danışıb və respublika miqyasında bu istiqamətdə ciddi və kompleks tədbirlərin həyata keçirildiyini bildirib.
Tədbirdə narkomaniyanın fəsadları və sağlam həyatın üstünlükləri ilə bağlı videoçarx nümayiş olunub.
Daha sonra Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Məsim Abadov çıxışında narkotik vasitələrdən istifadənin insan həyatı üçün təhlükəsindən bəhs edib. O, tələbələrə pis vərdişlərdən uzaq olmağı, onlara elm öyrənməyi, idmanla məşğul olmağı və digər faydalı işlərə maraq göstərməyi tövsiyə edib.
Tədbirdə İqtisadiyyat kafedrasının müdiri Zakir Əhmədov, Menecment və turizm işi kafedrasının müdiri Əli Allahverdiyev, İqtisadiyyat və idarəetmə fakültəsinin Turizm bələdçiliyi ixtisasının I kurs tələbəsi Aysun Novruzlu və Turizm işinin təşkili ixtisasının II kurs tələbəsi Elməddin Nəsirov çıxış edərək narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışaraq, şəxsiyyətin formalaşması üçün cəmiyyətin nə qədər önəmli faktor olduğunu və bu sahədə ictimai maarifləndirmə işlərinin əhatəsinin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti






