QARŞILIQLI ƏLAQƏ MÖHKƏMLƏNDİRİLİR

Gəncə Dövlət Universitetinin Alman və İngilis dili müəllimliyi ixtisasında təhsil alan IV kurs tələbələri şəhərimizin 31 və 43 saylı tam orta məktəbində pedaqoji təcrübələrini davam etdirirlər. Bu günlərdə Universitetin Təcrübə və karyera şöbəsinin müdiri dosent Mahir Məmmədov və pedaqoji təcrübə rəhbəri dosent Cabbar Qarayev hər iki məktəbdə olmuş, təcrübəçi tələbələrin fəaliyyəti ilə maraqlanmış, onlara təcrübə ilə əlaqədar məsləhətlərini vermişlər.

Diqqətəlayiq cəhət odur ki, tələbələr dərs deməklə, nəzəri biliklərini sınaqdan keçirməklə kifayətlənmir, məktəb kollektivi ilə birgə müxtəlif məzmunlu tədbirlərin hazırlanıb həyata keçirilməsində fəallıq göstərirlər. Onlar bir növ məktəblə universitetin arasında əlaqələrin yaranması, möhkəmlənməsi üçün etibarlı əlaqələndirici rolunu oynayırlar. Tələbələr tərəfindən bünövrələnmiş bu əlaqələr rəhbərlik tərəfindən daha da inkişaf etdirilir. Orta məktəblərdə fənn kabinələrinin lazımı avadanlıqla, tədris vasitələri ilə zənginləşməsində Universitetin də az rolu olmur. Bu isə dərslərin keyfiyyətinin artırılmasına, qarşılıqlı təcrübə mübadiləsinə, tələbələrin savadlı, peşəkar mütəxəssis kimi formalaşmalarına imkan yaradır.