REKTOR TƏLƏBƏLƏRLƏ GÖRÜŞDÜ

Ənənəvi olaraq Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov imtahan sessiyası ilə bağlı tələbələrlə dekan və müəllimlərin iştirakı olmadan görüş keçirir, onları dinləyir, deyilən obyektiv iradların az bir müddətdə aradan qaldırılması üçün operativ tədbirlər görülməsi üçün göstərişlər verir.

06-07 dekabr 2016-cı il tarixində rektor yenə də növbə ilə Universitetin bütün fakültələrini əhatə etməklə ayrı-ayrı kurslar üzrə fəal tələbələrlə görüş keçirdi. Professor ilk öncə tələbələri Universitetdə aparılan təmir işləri, keyfiyyətli  tədris üçün yaradılan şərait, müasir avadanlıqlarla təmin olunma və beynəlxalq əlaqələrin inkişafı ilə tanış etdikdən sonra qarşıdakı imtahan sessiyasından bəhs etdi. Onu da bildirdi  ki, əslində kömpüterlə test imtahanları tələbələrin biliyini aşkarlamaq üçün tam imkan yaratmır. Eksperiment olaraq birinci kurslarda yalnız bir fənnin imtahanı  yeni məzmunda yazılı şəkildə qəbul olunacaqdır. Əgər bu formada imtahanın qəbulu müsbət nəticə verəcəksə, növbəti sessiyada onların sayını artıracağıq.

Rektor tələbələri imtahan sessiyasının təşkili, obyektivliyin əsas meyar olması, test suallarının yazılması və digər bir sıra məsələlər haqqında məlumatlandırdı. Qeyd etdi ki, biz lazımi imkanlardan istifadə edərək, tələbələrin müasir tələblər səviyyəsində təhsil almaları üçün müasir tələblər səviyyəsində şərait yaradırıq. Tələbələr də öz öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirməli, gələcəyin yetkin peşə sahibləri olmalıdırlar.

Tələbələr professor Yusif Yusibova onlar üçün yaradılan şəraitə, diqqət və qayğıya görə təşəkkürlərini bildirməklə yanaşı, müəyyən iradlarını, təsadüf olunan xoşagəlməz halları, kollokviumlarda rast gəldikləri qüsurları rektorun diqqətinə çatdırdılar.

Professor Yusif Yusibov deyilən irad və qüsurların tez bir zamanda aradan qaldılacağını bildirməklə yanaşı, onlara imtahan sessiyasında uğurlar arzulad.