RƏSM MÜSABİQƏSİ


20 aprel 2015-ci il tarixdə Gəncə Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş rəsm müsabiqəsi keçirilmişdir. Müsabiqədə Universitetin ayrı-ayrı fakültələrindən rəsm qabiliyyəti olan tələbələrin portret, mənzərə, vətənə məhəbbət motivli rəsm nümunələri nümayiş etdirilmişdir. Mücərrəd düşüncəni əks etdirən işlər də diqqəti cəlb edirdi.
Rəsm müsabiqəsinin keçirilməsində Humanitar məsələlər üzrə prorektor Asif Cavadov, Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə, əməkdar rəssam, professor Şaiq Məmmədov və Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov iştirak etmişdilər. Açıq şəraitdə nümayiş etdirilən tələbələrin yaradıcılıq nümunələrinə müəllim və tələbələr də tamaşa etmək imkanına malik olmuşdular. Bu baxımdan rəsm əsərlərinin müsabiqəsi əslində hər şeydən əvvəl əsl sərgi idi.
Müsabiqədə Riyaziyyat-informatika fakültəsinin II kurs tələbəsi Ləman Verdiyeva I yerə, Riyaziyyat-informatika fakültəsinin I kurs tələbəsi Fatma Səfiyeva və İqtisadiyyat və idarəetmə fakültəsinin II kurs tələbəsi Xalidə Məmmədova II yerə, Filologiya fakültəsinin III kurs tələbəsi Şahzadə Qəhrəmanlı, Biologiya- kimya fakültəsinin III kurs tələbəsi Ləman Məmmədova və Xarici dillər fakültəsinin III kurs tələbəsi Leyla Orucova III yerə, Tarix-coğrafiya fakültəsinin I kurs tələbələri Turan Abbasəliyev və Danulduz Həsənova isə IV yerə layiq görülmüşlər.