REFRESH LAYİHƏSI ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ GÖRÜŞLƏR KEÇİRİLİB

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) (https://unec.edu.az) koordinator, Gəncə Dövlət Universitetinin tərəfdaş olduğu “Azərbaycan universitetlərində yaşıl və dayanıqlı iqtisadiyyatın təkmilləşdirilməsi: Bərpa olunan enerji və iqlim dəyişikliklərinin azaldılması – REFRESH” layihəsi çərçivəsində 22 may tarixində yerli və xarici qonaqlarının iştirakı ilə idarəetmə görüşü baş tutmuşdur.

Görüşdə Azərbaycan Dövlət İqtisad Universiteti , Azərbaycan Texnologiya Unversiteti (ATU), Gəncə Dövlət Universiteti (GDU), Mingəçevir Dövlət Universiteti (MDU), Lənkəran Dövlət Universiteti (LDU), Sumqayıt Dövlət Universiteti (SDU), Danimarka Texniki Universiteti, Boloniya Universiteti və KTH Royal Texniki İnstitutunun nümayəndələri iştirak ediblər.

Görüş zamanı REFRESH layihəsinin keyfiyyət planı, iş paketləri üzrə görülmüş və planlaşdırılan işlər, ISCEMR-2024 konfransında REFRESH layihəsinə həsr olunmuş paneldə spikerlərin çıxışı, layihənin təbliğat planı və noyabr ayında Bakıda təşkil olunacaq COP29 tədbirində layihə tərəfdaşlarının iştirak imkanları, həmçinin Azərbaycanın COP-29 tədbirinə ev sahibliyi etməsinin əhəmiyyəti kimi məsələlər müzakirə olunmuşdur.

Menecment görüşündə iştirak edən qonaqlar eyni zamanda 23 may tarixində Heydər Əliyev Mərkəzi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Regional İnkişaf İctimai Birliyi (RİİB), Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin birgə təşkilatçılığı ilə İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların VI Beynəlxalq Elmi Konfransında da iştirak ediblər. Qeyd edək ki, konfrans çərçivəsində “Azərbaycan universitetlərində yaşıl və dayanıqlı qlobal iqtisadiyyatı təkmilləşdirilməsi: Bərpa olunan enerji və iqlim dəyişikliklərinin azaldılması – REFRESH layihəsinin təbliğat planının icrasına əsasən xüsusi panel keçirilmişdir.

REFRESH layihəsi ilə eyniadlı olan tədbirin 1-ci panelində layihənin xarici tərəfdaşları olan İtaliyanın Boloniya Universiteti (UNIBO), Danimarka Texniki Universiteti (DTU) və İsveçin Kral Texnologiya Universitetinin (KTH) layihə üzrə nümayəndələri spiker qismində çıxış edərək, mövzu ilə əlaqədar təmsil etdikləri ölkənin təcrübələrini bölüşmüş, Azərbaycan üzrə müqayisəli təhlillər etmiş, eləcə də auditoriyadan verilən sualları cavablandırmışlar.

Panel müzakirəsinin sonunda UNEC rektoru Ədalət Muradov xarici spikerlərə təşəkkür etmiş və plaket təqdim etmişdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti