SERTİFİKATLARLA TƏLTİF OLUNMUŞLAR

14 noyabr 2016-cı il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Azərbaycan Təhsil Nazirliyi, AMEA-nın Nəsimi adına Dilçilik, Nizami adına Ədəbiyyat və akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutlarının birgə təşkilatçılığı ilə I Türkoloji Qurultayın 90 illiyinə həsr olunan “Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda Beynəlxalq elmi konfrans keçirilmişdir.

Konfransda Türkoloji Qurultayın türk xalqlarının mədəni həyatında, inteqrasiyasında əlamətdar hadisə olması, ortaq ünsiyyət dili yaradılmasındakı problemlərə, əlifba, ədəbiyyat, terminologiya, türk dillərinin tarixi, türk lüğətçiliyi, dialektologiyası və qrammatikası, türk xalqlarının ədəbiyyatı,  folkloru, tarixi, etnoqrafiyası, incəsənəti kimi mövzulara həsr olunan çoxsayda məruzələr dinlənilmişdir.

Gəncə Dövlət Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Səba Azad qızı Namazova və Azərbaycan dili kafedrasının professor əvəzi, filologiya üzrə elmlər doktoru Yadigar Əliyev bu mötəbər Beynəlxalq elmi konfransda uğurla çıxış edərək Təşkilat Komitəsi adından sertifikatlarla təltif olunmuşlar.