ŞUŞA BƏYANNAMƏSİ İKİ QARDAŞ ÖLKƏNİ BİR-BİRİNƏ DAHA SIX TELLƏRLƏ BAĞLADI

Məlum olduğu kimi iyunun 15-də Azərbaycan Respublikası ilə Türkiyə raspublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanmışdır. Ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edən bu   Bəyannamə söz yox ki, iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırmaqla yanaşı, həm də yeni iş birliyinə təminat yaratmışdır ki, bu da Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələrinin unikal müttəfiqlik nümunəsi kimi dəyərləndirilməlidir.

Qeyd edək ki, imzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdir ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. XXI əsrdə azad edilmiş Şuşada müttəfiqlik Bəyannaməsinin imzalanması bu cür yanaşma və fəlsəfənin əbədiləşdirilməsinin təcəssümüdür.

            Bu Bəyannamə həm də strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətlərini əhatə edir. Bəyannamədə bir çox önəmli məsələlər- beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasət kimi məsələlər öz əksini tapmışdır. Burada həmçinin enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir.

            Ən vacib məsələ olan hərbi tərəfdaşlıq – o cümlədən müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapmışdır ki, bu da tarixi nailiyyətdir. Bu, bir daha göstərir ki, biz bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq.

            Qeyd edək ki, geosiyasi əhəmiyyətə malik olan birgə nəqliyyat layihələri Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır ki, bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, biz əməli, praktiki işlərlə bu dəhlizi yaradırıq. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır.

            Tərəfdaşlığın əhəmiyyətini və ölkələrin qüdrətini artıran hərbi sənaye sahəsindəki əməkdaşlıq da önəmli yer tutur. İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynamışdır. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcəkdir.

Söz yox ki, Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədası olacaq. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır. Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir.Türkiyənin dəstəyinə əmin olan Azərbaycan İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan Türkiyə Prezidenti Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etdi. Müharibənin ilk saatlarından Türkiyə Prezidenti bildirdi ki, Azərbaycan tək deyil. Bu həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı.

Mərasimdə Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin yeni səviyyəyə ucaldığı qeyd edilmişdir. Bildirilmişdir ki, Şuşa şəhərində qardaş Türkiyənin baş konsulluğunun açılmasına dair qəbul olunmuş qərar iki ölkə arasında münasibətləri dərinləşdirməklə yanaşı, Türkiyənin işğaldan azad olunmuş ərazilərdə aparılacaq bərpa-quruculuq işlərində oynayacağı roldan xəbər verir.

Hazırda işğaldan azad olunmuş ərazilərin bərpası prosesi sürətlə həyata keçirilir. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Beynəlxalq əhəmiyyət kəsb edən layihələr, Azərbaycanın Cənubi Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti