Universitetdə maarifləndirici seminar-təlimi keçirilib
Gəncə Dövlət Universitetində «Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı» layihəsi çərçivəsində seminar-təlimi keçirilib.
Layihənin icrasına başlayanda BAMF-a müraciət edən və təlimə cəlb edilən bir sıra universitetlərin tələbələrindən ibarət görüşlərdə onların maraqlarına, problemlərinin həllinə köməklik göstərəcək məsələlər təlim mərhələsi üçün mövzu olaraq seçilib. Universitetdə keçirilən təlimdə BAMF-ın prezidenti, bir sıra beynəlxalq layihələrin müəllifi, tanınmış jurnalist Umud Mirzəyevin təqdimatında “Karyera imkanlarının düzgün seçilməsi və dəyərləndirilməsi”, BAMF-ın vitse-prezidenti, tanınmış telejurnalist Günel Gözəlovanın təqdimatında “CV necə yazılmalı, müsahibədən necə keçməli? Özünütəqdimat” istiqamətində tələbələrin marağına səbəb olub.
Onlar karyeralarını qurmağın yolları, ilk olaraq hardan başlamağın vacibliyi, hansı istiqamətdə addım ata biləcəklərini necə təyin etmələri, əmək bazarını öyrənməyin yolları, eyni zamanda şəxsi həyatda və iş həyatında özünü düzgün təqdimetmənin vacibliyi, hansı nüanslara diqqət yetirmələri, işəgötürənlə müsahibə zamanı nitq üslublarından tutmuş danışacaqları mövzuya qədər əhəmiyyətli məqamlar, ilkin təəssüratın xoş olması üçün edilməsi vacib olanlar, CV-nin əhəmiyyəti, necə təqdim edilməli olduğu istiqamətində təlimatlandırılıblar.