UNİVERSİTETİN BEYNƏLXALQ SERTİFİKATLAŞDIRILMIŞ MEDİATORLARI

Gəncə Dövlət Universitetinin tərəfdaş kimi iştirak etdiyi Avropa Komissyasının “Erasmus+” proqramının “MEDIATS” layihəsi çərçivəsində İspaniya Krallığının Mursiya şəhərində yerləşən San Antonio adına Katolik Universitetində intensiv təlim təşkil edilmişdir. Bir həftə davam edən “Mediasiya: təlimin və cəmiyyətin transformasiyası” (MEDİATS) adlı layihəsinə əsasən seminar, məşğələdən sonra universitetimizin əməkdaşları üç ölkə (Niderland Krallığı, Latviya, İspaniya) təcrübəsinin yekunu olaraq imtahan verərək beynəlxalq diplomlara layiq görülmüşlər.        

            Sevindirici haldır ki, Universitetimizin əməkdaşları: Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov “Sertifikatlaşmış beynəlxalq mediator”, İnformasiya texnologiyaları şöbəsinin müdiri Asif Həsənov  “Mediasiya siyasətini təbliğ edən nümayəndə” və İnnovasiya texnologiyalarinin transferi və marketinqi şöbəsinin müdiri Razim Əliyev “Mediasiya siyasətini təbliğ edən nümayəndə” diplomları ilə təltif olunmuşlar. Qeyd edək ki, əldə olunan bu diplomlar Beynəlxalq Mediasiya Federasiyası və Niderland Biznes Akademiyasının birgə hazırladığı diplomlardır. Bu diplomlar beynəlxalq səviyyədə tanınır və reysterdə qeydiyyatdan keçmişdir.

            İnanırıq ki, əməkdaşlarımızın  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 mart 2019-cu il  № 1555-VQ saylı təsdiq etdiyi “Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunu”nun icrasında bundan sonra da  töhvə verəcəklər.