UNİVERSİTETİN TƏLƏBƏLƏRİ FRANSIZ DİLİNDƏ “ƏZİZ ŞUŞA, SƏN AZADSAN” ADLI TƏDBİR KEÇİRMİŞLƏR

Gəncə Dövlət Universitetində fransız dili kafedrasının təşkilatçılığı ilə 2022-ci il Şuşa ili cərçivəsində “Əziz Şuşa, sən azadsan” adlı tədbir keçirilmişdir.Tədbirdə Azərbaycan-Fransa İnstitutunun direktor müavini Jonatan Ünlü də iştirak etmişdir.

          Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Sonra 2022-ci ilin Şuşa ili elan edilməsi ilə əlaqədar Prezident İlham Əliyevin müvafiq sərəncamı Azərbaycan və fransız dillərində oxunduqdan sonra sənədli film nümayiş etdirilmiş, Qarabağın azad olunmasında şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

          Universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın işğalda olan Qarabağ torpaqlarının azad edilməsindən, hazırda ölkə başçısının diqqət və qayğısı ilə azad edilmiş torpaqlarımızda aparılan abadlıq və quruculuq işlərindən danışmışdır.

          Sonra tələbələrin ifasında “Əziz Şuşa, sən azadsan” bədii kompozisiya nümayiş etdirilmiş, fransız dilində mahnı səsləndirilmiş, Azərbaycanın xalq mahnısı “Sarı gəlin” ifa edilmişdir. Tələbələrin iştirakı ilə təqdim olunan rəqs nümayiş etdirildikdən sonra, “Qalib əsgər” adlı tamaşa göstərilmişdir. Universitetin 3-cü kurs tələbələrinin ifasında səsləndirilən “Qarabağ şikəstəsi” də tədbir iştirakçılarına xoş ovqat yaratmışdır.

          Onu da qeyd etmək lazımdır ki, tədbirdən öncə 3 universitet-Azərbaycan Dillər Universiteti, Gəncə Dövlət Universiteti və Naxçıvan Dövlət Universitetində fransız dili ixtisasında oxuyan tələbələr arasında keçirilən “Natiqlik” müsabiqəsinin nəticələri elan olunmuşdur. Sevindirici haldır ki, Gəncə Dövlət Universitetinin fransız dili ixtisasının 4-cü kurs tələbəsi Müjgan Məmmədova qalib gələrək yayda Lion şəhərinə 2 həftəlik səyahət paketini qazanmışdır. 2-ci yeri isə 3-cü kurs tələbəsi Arzu Xəlilova layiq görülmüşdür. Tədbirin sonunda qaliblər mükafatlandırılmılar.               

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.