YAY TƏCRÜBƏ PROQRAMI ÇƏRÇİVƏSİNDƏ DÖVLƏT VERGİ XİDMƏTİNİN ƏMƏKDAŞLARI GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ OLMUŞLAR
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tələbələrin bilik, bacarıq və şəxsi inkişafına dəstək vermək məqsədilə 2022-ci ilin yayında ali təhsil müəssisələrinin tələbələri üçün ödənişsiz Yay Təcrübə Proqramı təşkil edəcəkdir.
Bununla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin bir qrup məsul əməkdaşı Gəncə Dövlət Universitetində olmuşdur. Universitetin rektoru, professor Yusif Yusibovla görüşən xidmət əməkdaşları həyata keçirilən layihənin əhəmiyyətindən danışmış və əminlik ifadə etmişlər ki, həmişə olduğu kimi bu layihənin icrasında da Gəncə Dövlət Universitetinin tələbələri fəallıqla iştirak edəcəklər.
Sonra Azərbycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əməkdaşlarının universitet tələbələri ilə görüşü keçirilmişdir. Görüşü universitetin tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov açdıqdan sonra İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məsul işçiləri Mirəli Kazımov, Kamran Məmişov və Aytən Kərimova müxtəlif mövzularda çıxışlar etmişlər. Qeyd edilmişdir ki, təcrübə proqramı çərçivəsində tələbələr nəzəri biliklərini praktikada tətbiq etmək, dövlət vergi orqanlarının işi ilə tanış olmaq, təlim və seminarlarda iştirak etməklə biliklərini artırmaq və sertifikat əldə etmək imkanı qazanacaqlar. Layihə tələbələrə karyera yollarında istiqamətlənməyə yardımçı olmaq, onların vergi sahəsində nəzəri və praktiki biliklərinin artırılmasına kömək etmək və potensialı olan gənclərin gələcəkdə Dövlət Vergi Xidmətində işə cəlb edilməsi məqsədini daşıyır. Layihənin əhatə edəcəyi ali təhsil müəssisələrinin sırasına, Bakı şəhəri ilə yanaşı, regionlarda yerləşən təhsil ocaqları da daxil edilib ki, bu da rayonlarda təhsil alan tələbələrin peşəkar kadr kimi formalaşdırılması baxımından xüsusi önəm daşıyır.
Diqqətə çatdırılmışdır ki, Yay Təcrübə Proqramı iki hissədən ibarət olmaqla 1 iyul 2022-ci il tarixdən 2 sentyabr 2022-ci il tarixədək davam edəcəkdir. Təcrübə proqramı ərzində ilkin olaraq tələbələr üçün Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində yay düşərgəsi təşkil ediləcək. Tələbələr 10 gün müddətində büdcə sistemi, vergilərin hesablanması və ödənilməsinin əsasları, vergi ödəyicilərinə göstərilən xidmətlər, dövlət vergi orqanlarına işə qəbul və xidmətkeçmə qaydaları və s. mövzularda təlim və seminarlarda iştirak edəcəklər. Tələbələrin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə Şamaxı rayonunda yerləşən turistik məkanlara səfər, intellektual oyun və yarışlar təşkil ediləcək, həmçinin Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin idman-sağlamlıq kompleksindən istifadə üçün şərait yaradılacaqdır.
Yay düşərgəsinin davamında tələbələr Dövlət Vergi Xidmətinin Bakıda və regionlarda yerləşən struktur bölmələrində 6 həftəlik təcrübə keçəcəklər. Sonda Proqramı uğurla bitirən tələbələrə sertifikatlar veriləcəkdir.
Görüşdə tələbələri maraqlandıran suallara aydınlıq gətirildikdən sonra Yay Təcrübə Proqramı çərçivəsində videoçarx nümayiş etdirilmişdir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.