Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illik yubileyi münasibəti ilə Gəncə Dövlət Universitetində elmi-praktiki konfrans keçirilmişdir

Gəncə Dövlət Universitetində Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 30 illik yubileyi münasibəti ilə  elmi-praktiki konfrans keçirilmişdir.

   Öncə universitetdə ucaldılan Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülmüşdür.

  Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

     Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixindən bəhs edən videoçarx nümayiş etdirildikdən sonra tədbiri giriş sözü ilə Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov açaraq Yeni Azərbaycan Partiyasının yaranma tarixindən danışmış və qeyd etmişdir ki, Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il noyabrın 21-i respublikamızın ictimai-siyasi həyatında yeni tarixin başlanğıc nöqtəsi oldu. Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin və mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Azərbaycanın gələcək taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə dünya şöhrətli siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə Yeni Azərbaycan Partiyası yarandı. 

Rektor Yusif Yusibov  onu da qeyd etmişdir ki, bu gün Prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə partiya  yeni-yeni nailiyyətlərə imza atmışdır ki, bu uğurların zirvəsində də tarixi Zəfərimiz dayanır.

   Tədbirdə YAP Gəncə şəhər Təşkilatının sədr müavini Nurəddin İbrahimov və Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Yadigar Bədəlov  çıxışlarında diqqətə çatdırmışlar ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Hazırda YAP-ın 773 770 üzvü vardır.

   Tədbirdə Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva “Azərbaycanın ictimai-siyasi həyatında Yeni Azərbaycan Partiyasının yeri və rolu”, universitetin Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə “Tarixi zərurətdən yaranmış partiya”, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti Səba Namazova  “Dünənin, bugünün və sabahın partiyası” mövzularında məruzələrlə çıxış etmiş, universitetin Filologiya fakültəsinin tələbəsi Nigar Məmmədova tərəfindən “Yaşa, Yeni Azərbaycan Yaşa!” şeiri səsləndirilmişdir.

  Sonda Gəncə Dövlət Universitetinin bir qrup əməkdaşı Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi münasibəti ilə Fəxri Fərmanla təltif edilmişdir.

 Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti