Azərbaycanda tolerantlığın çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri vardır

Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə «Milli-mənəvi dəyərlərin təbliği və dini maarifləndirmə” tədbirləri çərçivəsində Gəncə Dövlət Universitetində tədbir keçirilmişdir.

   Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükütü ilə başlamışdır.

   Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq bildirmişdir ki, müasir dövrdə tolerantlıq məsələsi bütün dünyada aktual problemlərdən birinə çevrilib. Tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var. Azərbaycan fərqli dildə danışan, müxtəlif dinlərə etiqad edən insanların mehriban şəraitdə yaşadığı ölkədir. Ölkəmizdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri yüksək səviyyədə qurulub.

   Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbə müdiri Həsən Məmmədov və Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Abbas Mikayılov çıxışlarında qeyd etmişlər ki, Azərbaycanda beynəlxalq tolerantlıq günü Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə 1999-cu ildə qeyd edilib. Azərbaycanda da tolerantlığın qorunması və inkişafı dövlət-din münasibətləri çərçivəsində həyata keçirilən siyasətin prioritetlərindən birini təşkil edir. İslam dini Azərbaycanda yaşayan millətlərin vahid xalq kimi formalaşması prosesində mühüm rol oynayır.

   Tədbirin sonunda “Mənəvi intibah” tolerantlığa aid film də nümayiş olunmuşdur.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti