12 noyabr – Konstitusiya Günü ilə əlaqədar Gəncə Dövlət Universitetində tədbir keçirilmişdir

Gəncə Dövlət Universitetində 12 noyabr – Konstitusiya Günü ilə əlaqədar  tədbir keçirilmişdir.

     Öncə Vətən müharibəsində şəhid olmuş igid övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

Tədbiri giriş sözü ilə açan Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva əlamətdar gün münasibəti ilə tədbir iştirakçılarını təbrik etmiş, Konstitusiyanın yaranmasını şərtləndirən tarixi səbəblərdən danışmışdır. Qeyd etmişdir ki,  Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilən Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü konstitusiyasıdır. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. O da vurğulanıb ki, bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir.

Tədbirdə univesitetin Ümumi tarix kafedrasının baş müəllimi Bəxtiyar Məhərrəmov, kafedranın müəllimi Afərim Tağıyeva, Sosial fənlər kafedrasının müəllimi Ramin Əliyev və universitetin Filologiya fakültəsinin tələbəsi Nigar Məmmədova çıxış edərək  Azərbaycan Respublikasının Konstitusiyasının tarixindən, ən ali qanunvericilik sənədinin dövlətimizin inkişafında oynadığı roldan, Konstitusiyaya edilən əlavə və dəyişikliklərdən, eləcə də Azərbaycanın hazırkı inkişafından və əldə olunan nailiyyətlərdən danışmışlar.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti