31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜDÜR

30 mart 2015-ci il tarixdə Gəncə Dövlət Universitetində Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadənin rəhbərliyi və Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “31 mart azərbaycanlıların soyqırımı günüdür” adlı tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Humanitar məsələlər üzrə prorektor dosent Pərvin Kərimzadə açaraq erməni daşnakları tərəfindən azərbaycanlıların soyqırımı haqqında tələbələrə geniş məlumat verərək bildirmişdir ki, Mart soyqırımı və ya Mart hadisələri-1918-ci ilin 30 mart və 3 aprel tarixi arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğındır. Tarixdə ermənilərin azərbaycanlılara qarşı soyqırımı dəfələrlə olmuşdur.1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilimişdir. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur. Ümumiyyətlə ermənilərin vəhşiliyi nəticəsində Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir. Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir. Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv etmiş, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürmüşdülər. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilmiş, kəndlər isə viranəyə çevrilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılımış, əhalisi məhv edilmişdir.
Tələbələrdən Vüsalə Əmirzadənin “Unudulmaz faciə”, Şahzadə Qəhrəmanlının “Vətən məni bağışla”, Şəfiqə Alıyevanın “31 mart soyqırımı”, Aytac Səlimovanın “Ölmək gərəkdir”, Firuzə Nağızadənin “31 mart azərbaycanlıların soyqırımı günüdür” adlı söylədikləri şeirlər, erməni şovinistlərinə nifrət dolu çıxışları tədbir iştirakçılarını bir daha riqqətə gətirdi, sanki bu nifrət gəncliyin yaddaşına əbədi həkk olundu.
Tədbirin sonunda  erməni vəhşiliyini əks etdirən videoçarx tədbiri bir qədər də mənalandırdı.