Ulu Öndər Heydər Əliyevin 103 illik yubileyi münasibəti ilə tədbir keçirilib
Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsi ilə Pedaqoji fakültə birlikdə Ulu Öndər Heydər Əliyevin 103 illik yubileyinə həsr edilmiş tədbir keçirib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Ulu Öndər Heydər Əliyevin zəngin siyasi fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən danışıb. Prorektor bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi müasir tariximizdə dönüş nöqtəsi oldu. Ulu Öndər Azərbaycana müstəqillik, dövlətçilik, suverenlik və milli-mənəvi dəyərlərə qayıdışı bəxş etdi, ölkədə sülh və sabitliyi bərqərar etdi, ordu quruculuğuna, iqtisadi inkişafa şərait yaratdı, təhsilin və mədəniyyətin yüksəlişini təmin etdi.
Tədbirdə Fizika və texniki fənlər fakültəsinin dekanı Muğan Quliyev, Fizika kafedrasının müdiri Yəhya Namazov, Psixologiya kafedrasının müdiri Zümrüd Cavadova çıxış ediblər.
Sonda tələbələr şeirlər və mahnılar səsləndiriblər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti






