ENGAGE Erasmus+ layihəsi çərçivəsində növbəti işgüzar səfər Estoniyanın Tallin Texnologiya Universitetində baş tutub

Gəncə Dövlət Universitetinin də tərəfdaş olduğu və Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda Erasmus+ layihəsi çərçivəsində növbəti işgüzar səfər Estoniyanın Tallin Texnologiya Universitetində (Taltech) baş tutub. 28 avqust – 1 sentyabr tarixlərini əhatə edən səfərdə Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, Bakı Biznes Univetsitetinin rektoru İbad Abbasov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsyayev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, ali təhsil müəssisələrinin prorektorları, inzibati və akademik heyət üzvləri iştirak ediblər. Səfərin əsas məqsədi sahibkarlıq təhsilinin inkişaf etdirilməsi və ali təhsildə sahibkarlıq mühitinin formalaşdırılması üzrə Estoniya təcrübəsinin öyrənilməsi olub. Səfərin ilk günü Taltech universitetinin rektoru professor Tiit Land qonaqları qəbul edərək universitet haqqında ətraflı məlumat verib. Digər günlər təlim proqramı çərçivəsində peşəkar mütəxəssislər tərəfindən təqdimatlar həyata keçirilib. Təlimlər sahibklarlığın kurrikuluma inteqrasiyası, sahibkarlıq əlaqələrinin və sahibkarlıq təhsilinin sistemli inkişaf etdirilməsi, Estoniya Tədqiqat və İnkişaf, İnnovasiya və Sahibkarlıq Strategiyası, eyni zamanda Estoniya startap mühiti, sənayenin rəqəmsallaşması, elektron idarəetmə kimi mühüm mövzulara həsr olunub. Təlimin növbəti günlərində iştirakçılar Mektori adlanan Taltech İnnovasiya və Biznes Mərkəzinə səfər ediblər. Mektori bütün dünyadan olan bizneslərin, tələbələrin, professorların, məktəblilərin və investorların bir komanda olaraq birlikdə yeni ideyalar və innovasiyalar yaratmaq üçün bir araya gəldiyi şəbəkə mühitidir. Səfər zamanı Estoniyanın Təhsil və Gənclər Şurasının nümayəndələri ilə görüş təşkil edilmişdir. Sahibkarlıq və Karyera Proqramının meneceri Katrin Kivisild sahibkarlıq təhsilin inkişafına və ölkə üçün əhəmiyyətinə dair ətraflı məlumat verərək bildirib ki, 1991-ci ildə müstəqillik əldə etdikdən sonra, Estoniya bütün diqqətini sahibkarlıq fəaliyyətlərinin yüksək inkişaf etdiyi və dünyanın ən rəqəmsal dövləti kimi tanınmağa yönəltmişdir. Bunun əsasında Təhsil və elm nazirliyi ilə yanaşı bir sıra digər nazirliklər və Estoniyanın Ticarət Palatasının birgə qərarı ilə sahibkarlıq təhsilinin təşviqinə dair “Mən sahibkaram” adlı proqram təsis olunmuşdur. Proqram təhsilin bütün pillələrində səriştələrin inkişaf etdirilməsini təmin etmək məqsədi daşıyır. Məhz belə köklü dəyişikliklər əsasında ölkə 2022-ci ildə Qlobal İnnovasiya İnteksi üzrə 132 iqtisadiyyat arasında 18-ci yer tutmuşdur. Estoniya adambaşına düşən startap və unikorn (gəliri 1 milyard dollar olan startap) sayına görə dünyada birinci yerdədir. Təlimin son günü layihə konsorsiumunun üzvü olan 11 Azərbaycan ali təhsil müəssisəsinin layihə üzrə məsul şəxsləri sahibkarlıq üzrə universitetlərdə həyata keçirilən fəaliyyətlər və planlar barədə təqimatlarla çıxış edərək təcrübə mübadiləsi aparıblar. Yekunda isə layihə koordinatoru tərəfindən hesabat xarakterli iclas keçirilib və qeydlər aparılıb.