Gəncə Dövlət Universitetində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş təntənəli bayram tədbiri keçirilmişdir

        8 Noyabr-Zəfər Günü münasibətilə Gəncə Dövlət Universitetində təntənəli bayram tədbiri keçirilmişdir.

Tədbirdən əvvəl Gəncə şəhər Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Türkiyə Respublikasının Gəncədəki Baş Konsulu Zeki Öztürk, şəhid valideynləri, eləcə də Vətən müharibəsində şücaət göstərən hərbi qulluqçular və qazilər universitetdə şəhidlərin xatirəsinə həsr edilmiş Xatirə guşəsi önünə gül dəstəsi qoymuşlar.

        Tədbir Vətən müharibəsində şəhid olmuş igid övladlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.

        Bayram tədbirini giriş sözü ilə Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov açaraq qonaqları salamlamış və Zəfər Günü münasibətilə tədbir iştirakçılarına xoş arzularını çatdırmışdır. Rektor qeyd etmişdir ki, 2020-ci il sentyabrın 27-də  Ermənistan Respublikası silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti təxribata cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan əks-hücum əməliyyatı ilə başlanan Vətən müharibəsində qazanılan möhtəşəm qələbə hərb tariximizə qızıl hərflərlə yazılıb. Azərbaycan xalqı öz liderinin – Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mübarizliyini nümayiş etdirdi. Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, mahir sərkərdəlik bacarığı, şəhidlərimizin canı, qazilərimizin qanı, xalqımızın ölkə rəhbərinin ətrafında dəmir yumruq kimi birləşməsi sayəsində ölkəmiz qalib ölkəyə çevrildi. Azərbaycan ordusu strateji Murov zirvəsində, Füzulidə, Cəbrayılda, Suqovuşanda, Hadrutda, Xocavənddə, Zəngilanda, Qubadlıda üçrəngli bayrağımızı ucaltdı. Noyabr ayının 8-də isə Qarabağın ürəyi Şuşa azad olundu.  Bununla da Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü təmin olundu, 30 illlik müharibə ölkəmizin parlaq qələbəsi ilə başa çatdı.

  Universitetin rektoru Yusif Yusibov çıxışında onu da qeyd etmişdir ki, torpaqlarımızın erməni işğalçılarından azad edilməsində Gəncə Dövlət Universitetinin əməkdaşları və tələbələri də könüllü olaraq cəbhəyə getmiş və torpaqlarımızın yağı düşməndən azad olunmasında fəallıqla iştirak etmişdir. Bu haqq savaşında 18 gənc şəhidlik zirvəzinə ucalmışdır. Bu gün universitetdə həmin şəhidlərin adına auditoriyalar fəaliyyət göstərir. Ali məktəbin kollektivi hər zaman bu qəhrəman insanlarla fəxr edir.

        Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək Zəfər Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etmiş, müharibə dövründə yaşanan hadisələrdən danışmışdır. Qeyd etmişdir ki, müharibə zamanı düşmən tərəfindən döyüş bölgəsindən xeyli kənarda yerləşən yaşayış məntəqələri atəşə məruz qaldı, Gəncə və digər şəhərlərdə xeyli sayda dinc sakin həlak oldu, yaralandı, mülki infrastruktura ciddi ziyan dəydi. Lakin Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət göstərdi, düşmənə layiqli cavab verərək  işğal altında olan torpaqlarımızı azad etdi, bizlərə qələbə sevincini yaşatdı.

       Türkiyə Respublikasının Gəncədəki Baş Konsulu Zeki Öztürk çıxışında 44 günlük Vətən müharibəsinin ilk günündən qardaş Türkiyənin, şəxsən dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Azərbaycan xalqının yanında olmasını qeyd etdi. Bildirdi ki, hazırda dövlət başçılarının uğurla davam edən səmimi dostluq və qardaşlıq münasibətləri  əlaqələrin daha da dərinləşməsini şərtləndirir.

        Tədbirdə II Qarabağ müharibəsinin qazisi Nicat Məmmədov və şəhid Vidadi İsrafilovun  atası Vaqif İsrafilov  çıxışlarında bayrağımızın məğrur şəkildə dalğalanmasının Azərbaycan üçün hər şeydən vacibliyini vurğulamışdır.  Qeyd edilmişdir ki, bu gün dövlətimizin qayğısı, diqqəti onlar üçün əvəzolunmazdır.

         Tədbir Gəncə Dövlət Universitetinin tələbələrinin hazırladığı musiqili, ədəbi-bədii proqramla davam etmiş, vətənpərvərlik ruhunda ifa edilən rəngarəng kompozisiyalar maraqla qarşılanmışdır.

    8 Noyabr – Zəfər Gününə həsr edilmiş tədbirdən sonra Gəncə Dövlət Universitetinin Yataqxana Kompleksinin Tələbə kafesində universitet rəhbərliyi tərəfindən Qarabağ müharibəsinin qaziləri və şəhid ailələri üçün  nahar süfrəsi təşkil edilmişdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti