Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilmişdir

Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilmişdir.

        Elmi Şura öz işinə başlamazdan əvvəl universitetin rektoru, professor Yusif Yusibov Kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyevi kimya elmləri doktoru, Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi Mətanət Mahmudovanı filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcələri almaları münasibətilə təbrik etmiş və diplomları onlara təqdim etmişdir.

        Sonra Elmi Şura öz işinə başlamışdır. Rektor Yusif Yusibov şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış etmişdir. Birinci məsələ-Beynəlxalq əlaqələrin gücləndirilməsi istiqamətində görülən işlər haqqında universitetin Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadənin, ikinci məsələ-2022-2023-cü tədris ilində pedaqoji və istehsalat təcrübələrinə hazırlığın vəziyyəti, universitetin şəhər orta məktəbləri ilə əlaqələrinin möhkəmləndirilməsi üçün görülən işlərə dair Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayevin hesabat məruzələri dinlənilərək müzakirə edilmişdir. Şura üzvləri hər iki məruzəni qənaətbəxş hesab etmişlər.

        Elmi Şurada Kimya və Sosial fənlər kafedralarının 5 illik fəaliyyəti ilə əlaqədar hesabat məruzələri dinlənildikdən sonra yaradılmış işçi qrupu tərəfindən hazırlanmaqda olan “Gəncə Dövlət Universitetinin 2022-2026-cı illər üzrə strateji fəaliyyət planı” haqqında Innovasiyalar departamentinin rəhbəri Vasif Həsənovun məlumatı dinlənilmişdir.

        Elmi Şura cari məsələlərin müzakirəsi ilə öz işini başa çatdırmışdır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti