GDU-da şəhid yaxınları və aztəminatlı ailələrlə növbəti görüş keçirilmişdir
Şəhid Hacı Rauf adına Tədris və Gənclik Mərkəzinin təşkilatçılığı ilə Gəncə Dövlət Universitetinin ikinci tədris binasının akt zalında aztəminatlı ailələr və şəhid yaxınları ilə görüş keçirilmişdir. Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilmiş və Vətən müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə universitetin humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva açaraq iştirakçıları salamlamış, şəhid analarının dərdinə şərik olduğunu bildirmiş, qazilərimizin tezliklə sağalmasını arzu etmiş və layihənin təşkilatçılarına təşəkkür etmişdir.
Sonra GDU-nun xarici dillər fakültəsinin 30 nəfərdən ibarət tələbəsinin aztəminatlı ailələr və şəhid övladlarına Alman və İngilis dillərinin öyrəniılməsində yaxından köməklik göstərməsinin qürürverici olduğu diqqətə çatdırılmışdır. Qeyd edilmişdir ki, Şəhid Hacı Rauf adına Tədris və Gənclik mərkəzinin təşkilatçılığı ilə “Teach and Learn ” layihəsi çərçisəsində 150 aztəminatlı ailənin uşaqlarına və şəhid övladlarına təhsil verilmişdir.
Şəhid anaları çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə bu işin təşkilatçılarına öz minnətdarlıqlarını bildirmişlər.
İbtidai sinif şagirdlərinin müxtəlif səpkidə hazırladıqları kompozisiyalar nümayiş etdirildikdən sonra universitetin layihədə iştirak edən bir qrup tələbəsinə fəxri fərman verilmişdir.Tədbir Şəhidlərin şəxsi əşyalarından ibarət sərginin nümayişi ilə başa catmışdır.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.