GDU-nun əməkdaşları “Ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinə dəstək” layihəsi çərçivəsində təlimdə iştirak ediblər
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycanın regionlardakı ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinə dəstək” layihəsinin ilk mərhələsi çərçivəsində 4 günlük təlim baş tutub.
Layihənin məqsədi regionda yerləşən ali təhsil müəssisələrinin beynəlxalq imkanlardan yararlanmaq istiqamətində bilik və bacarıqların artırılmasıdır.
Təlimçi Gülşən Bayramova tərəfindən ali təhsildə beynəlmilləlləşmə, Erasmus+ layihələri və həmin layihələrin yazılması, layihə dizaynı, tərəfdaşların seçilməsi və layihə büdcəsinin hazırlanması barədə ətraflı məlumat verilib, iştirakçılarla beynəlxalq qrantlar üçün layihələrin hazırlanması ilə bağlı qrup işləri təşkil edilib.
Layihənin birinci mərhələsi olan təlim kursuna Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Naxçıvan Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti və Lənkəran Dövlət Universitetinin 20 nəfər əməkdaşı qatılıb.
Gəncə Dövlət Universitetindən Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov, Xarici dillər fakültəsinin baş müəllimləri – Arzu Babayeva, Vüsalə İbrahimova, Filologiya fakültəsinin baş müəllimi Aytən Əhmədova iştirak ediblər.
Təlimlərdən sonrakı mərhələdə 1 ay müddətində layihə ekspertləri tərəfindən universitet əməkdaşları üçün onlayn formatda mentorluq proqramı həyata keçiriləcək.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin qalib layihələrindən biridir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti