Həmkarlar İttifaqı Komitəsində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə universitetin I və II Qarabağ müharibəsi iştirakçısı olan əməkdaşları ilə görüş təşkil olunub
Görüşün əvvəlində qəhrəman şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Vətən Müharibəsində şəhid olan ölməz igidlərimizin xatirəsini yad edən Komitə sədri Afaq Qasımova onların heç bir zaman unudulmayacağını, bir ömür boyu onlara minnətdarlıq hissi duyacağımızı vurğulayıb. Onu da qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu mənfur düşməni darmadağın edərək uzun illər işğal altında qalan torpaqlarımızı azad etdi.Cənab Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi.Görüşdə Afaq Qasımova universitetin rektoru prof.Yusif Yusibovun salamlarını toplantı iştirakçılarına çatdırıb.Onu da qeyd edib ki,vətən müharibəsində iştirak edən hər bir əməkdaşımızın qayğıları həmişə olduğu kimi, bu gün də universitet rəhbərliyinin və Həmkarlar İttifaqının nəzər və diqqətindədir.
Görüşdə I Qarabağ müharibəsi iştirakçısı riyazi analiz kafedrasının dosenti Zəfər Abbasov,ümumi tarix kafedrasının baş müəllimi Bəhmən Kazımov,II tədris binasının komendantı Gəncəli Tağıyev, II Qarabağ müharibəsi iştirakçısı İdman klubunun məşqçisi Orxan Əliyev, qazi Murad Rüstəmov və digər qazilər müharibə ilə bağlı xatirələrindən, göstərdikləri igidliklərdən bəhs ediblər. Onlar, eyni zamanda Qələbəyə xalqımızın birliyinin və həmrəyliyinin sayəsində nail olduğumuzu vurğulamaqla yanaşı, dövlətimizin şəhid ailələrinə və vətən uğrunda sağlamlığını itirmiş şəxslərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Komitə sədri Afaq Qasımova Vətən müharibəsi iştirakçılarının sosial durumu və problemləri ilə maraqlanmış, universitet həmkarlar təşkilatının hər zaman onların yanında olduğunu bildirmişdir.Sonda Afaq Qasımova görüş iştirakçılarını universitetin rektoru prof.Yusif Yusibovun və öz adından 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edib, onlara ən xoş, səmimi ürək sözlərini çatdırıb.
I və II Qarabağ müharibəsi iştirakçıları komitənin xəttilə pul mükafatı ilə mükafatlandırılmış,onlarla xatirə şəkilləri çəkilmişdir.